YENİDƏNQURMA İŞLƏRİ APARILIR
Paylayıcı elektrik şəbəkəsi sisteminin dayanıqlığının daha da möhkəmləndirilməsi və istehlakçıların keyfiyyətli şəkildə elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində ayrı-ayrı şəbəkələrdə geniş tərkibli tədbirlər planı hazırlanıb həyata keçirilmiş və bu işlər durmadan davam etdirilir. Bu da öz növbəsində enerji daşıyıcılarının texniki vəziyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasına gətirib çıxarır. Həmişə olduğu kimi cari ildə də Tərtər EŞ-in xidməti ərazilərində yenidənqurma, təmir-bərpa işləri də vaxtlı-vaxtında həyata keçirilir və aparılan məqsədyönlü tədbirlər də artıq öz bəhrəsini verməkdədir. Bərpa işləri ilə yanaşı istehlak olunan elektrik enerjisinin haqqının tam şəkildə ödənilməsi də daim diqqət mərkəzindədir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, Tərtər EŞ-in xidməti ərazisində cari ilin iyul ayında ümumilikdə 11,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Hesabat ayında ümumi istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 613 min kilovatsaat artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 239 min kilovatsaata yaxın artaraq 2,2 milyon kilovatsaata yaxın olmuşdur.
Qeyd edək ki, cari ilin 7 ayı ərzində isə burada ümumilikdə 66,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 749 min kilovatsaat artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 15.3 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 222 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 2 faizə yaxın artmışıdr.
Mənbədən onu da bildirdilər ki, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsibiyyətinə aid olan 6-10-0,4 KV-lik xətlərin müəyyən hissəsində yenidənqurma və müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Qeyd edək ki, yenidənqurma işləri TM-lərdən də yan keçməmişdir. Belə ki, sözügedən dövrdə bir neçə transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.
Yeri gəlmişkən, bu işlərlə paralel olaraq elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində də reydlər keçirilmişdir.