XAÇMAZ ES: TEXNİKİ QULLUQ İŞLƏRİ HƏYATA KEÇİRİLMİŞDİR

Image

Ən müasir texnologiyaların tətbiq edildiyi generasiya mənbələrindən biri olan Xaçmaz elektrik stansiyası respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu olmuşdur. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, eyni zamanda sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Stansiyada texniki istismar səviyyəsinin yüksəldilməsi, avadanlıqların təhlükəsiz və qənaətli işləməsini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər müntəzəm olaraq yerinə yetirilir, o cümlədən vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Məhz onun nəticəsidir ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  sözügedən stansiyada cari ilin iyul ayında 22,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Cari ilin ötən 7 ayı ərzində isə burada 159,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən illərdə olduğu kimi cari ilin 7 ayı ərzində də elektrik enerji istehsalı üzrə digər texniki göstəricilər üzrə müsbət nailiyyətlər əldə edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, son üç ay ərzində stansiyada mühərrik-generatorlarda təlimata uyğun növbəti istismar həddinə uyğun texniki qulluq işləri həyata keçirilmiş, o cümlədən onların köməkçi avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri də aparılmışdır. Eyni zamanda stansiyada bütün elektrik mühərriklərinin izolyasiya müqavimətləri mütəmadi ölçülür və eyni zamanda yüksək gərginlikli avadanlıqlarda təlimata uyğun sınaq işləri aparılmışdır.

Eyni zamanda, əməliyyat heyətinin işinə nəzarəti gücləndirmək, onların bilik səviyyəsini artırmaq məqsədilə bütün növ təlimatlar, o cümlədən bilik yoxlamaları aparılmış və əks qəza məşqləri keçirilmişdir.

Yeri gəlmişkən, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.

Xatırladaq ki, ümumi gücü  87 MVt olan bu elektrik stansiyası 10 aqreqatdan ibarətdir.