YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ GÖRÜLÜR
“Ağstafa Elektrik Şəbəkəsi” (EŞ) üzrə istehlak edilmiş elektrik enerjisi dəyərinin tam ödənilməsi, həm də istismarın vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, Ağstafa EŞ-in xidməti ərazisində cari ilin son üç ayı ərzində balans mənsubiyyətinə aid olan 6, 10 və 0,4 kV-lik xətlərdə, eyni zamanda transformator məntəqələrində yenidənqurma və müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Yeri gəlmişkən, şəbəkələrdə yenidənqurma işləri aparılır və sayğaclar xüsusi qutularda baxış üçün maneəsiz yerlərdə quraşdırılır ki, bu da öz növbəsində istehlak edilmiş elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasına müsbət təsir göstərir.
Mənbəyə istinadən qeyd edək ki, elektrik enerjisindən qeyri-qanuni istifadə ilə bağlı sistemli olaraq reydlər keçirilir. Aşkar edilmiş qüsurlara görə müvafiq qaydada aktlar tərtib edilərək itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin məbləğin ödənişi təmin edilir.
Mənbələrdən əldə etdiyimiz digər bir məlumata görə, qalıq debitor borcu olan istehlakçılara müvafiq qaydada xəbərdarlıq edilərək qanunvericiliyə uyğun tədbirlər görülür.
Mənbə onu da bildirdi ki, “Ağstafa” EŞ-in xidməti ərazisində cari ilin iyul ayında ümumilikdə 10,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 2,8 milyon kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 40 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 2,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 252 min kilovatsaata yaxın artmışdır.
Yeri gəlmişkən, cari ilin 7 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 milyon kilovatsaatdan çox artaraq 66,7 milyon kilovatsaatdan artıq olmuşdur. Ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə ödəniş isə mütləq 29 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 20,4 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,2 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 4 faiz olmuşdur.