ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR
Zərdab kənd təsərrüfatı rayonudur və burada əkin sahələri, əsasən, elektrik mühərrikli nasoslar vasitəsilə Kür çayından götürülən su ilə suvarılır. Bu baxımdan kənd təsərrüfatı işlərinin qızğın çağında rayonun enerji təchizatçılarının da qayğıları çoxalır. Daha da keyfiyyətli, dayanıqlı və fasiləsiz enerji təminatı üçün bütün imkanlar səfərbər edilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Zərdab Elektrik Şəbəkəsi”nin kollektivi istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə həyata keçirdikləri yenidənqurma və təmir-tikinti işlərini cari iln son üç ayında da uğurla həyata keçirilmişdir.
Qeyd edək ki, son iki ayda rayonun enerji təchizatı sistemində məqsədyönlü işlər görülüb. Şəbəkəyə yeni qoşulan abonentlərə 70 ədəd birfazlı sayğac quraşdırılıb, 30 ədəd qüsurlu sayğac dəyişdirilib. Mövcud 0,4 kV-lik elektrik verilişi xətlərinə 5 ədəd, 10 kV-lik xətlərə isə 6 ədəd dayaq əlavə olunub.
Şəbəkənin transformator məntəqələri təftiş edilib və 400 kiloqrama qədər transformator yağı qurğularla əlavə olunub. Bıçaqçı kəndində abonentlərə xidmət göstərən 250 kVA gücündə transformator yenisi ilə əvəz edilmişdir. Körpü, Gəlmə və Xanməmməd kəndlərində ümumilikdə 5 transformator təmirdən çıxarılıb. 35 kV-lik «Əlvənd» yarımstansiyasında 3 ədəd yağ açarı əsaslı, 4 MVA-lıq transformator isə cari təmir edilib. Eyni proses rayonun Seyidlər kəndində də həyata keçirilib.
Onu da qeyd edək ki, hazırda payız-qış mövsümünə hazırlıq çərçivəsində həm yarımstansiyalarda, transformator və komplekt transformator məntəqələrində, həm də xətlərdə cari və əsaslı təmir işləri davam etdirilir.