DAYANIQLIQ DAHA DA ARTIRILIR

Image

Samux rayonunun elektrik enerji təchizatı sistemində mövsümə hazırlıq işləri davam edir. Elektrik şəbəkəsinin təmirçilər briqadası xətt və yarımstansiyalarda zəruri profilaktik tədbirləri həyata keçirirlər.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, Samux EŞ-in  xidməti ərazisində mövsümə hazırlıq üzrə tədbirlər planına uyğun olaraq, rayonun elektrik təsərrüfatının dayanıqlığı daha da möhkəmləndirilir. Qeyd edək ki, cari ilin son üç ayında da şəbəkə kollektivi 6-10-04 kilovoltluq elektrik verilişi xətlərində və 6-10/04 kV-lik transformator məntəqələrində müvafiq yenidənqurma və təmir işləri həyata keçiriblər.

Mənbədən onu da bildirdilər ki, cari ilin iyul ayında “Samux” EŞ-in xidmət ərazisində 11,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 505 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 24 faizdən çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 min kilovatsaatdan çox artaraq 1,9 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq artmışdır.

Onu da qeyd edək ki, cari ilin 7 ayı ərzində sözügedən EŞ üzrə istehlak 66,8 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 4,7 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 8 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak  ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2,1 milyon kilovatsaata yaxın artaraq 14,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 3 faizdən artıq olmuşdur.

“Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir”, – deyən mənbə qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə onu da bildirdi ki,  sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.