“SUMQAYIT YGEŞ”: YENİDƏNQURMA İŞLƏRİ APARILIR
Bütün elektrik energetika müəssisələrində olduğu kimi, “Sumqayıt yüksəkgərginlikli elektrik şəbəkəsi”nin (YGEŞ) əmək kollektivi də istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün səylə çalışır. Gündən-günə inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisinə olan tələbatının artdığı bir vaxtda sistem əhəmiyyətli yarımstansiyaların, yüksəkgərginlikli elektrik verilişi xətlərinin daim saz vəziyyətdə olması vacibdir. Ötən illərdə olduğu kimi, cari ildə də görülmüş işlərimiz təqdirəlayiqdir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən YGEŞ-in xidməti ərazisində cari ilin son üç ayı ərzində Azərbaycan və Rusiya enerjisistemlərinin paralel rejimdə işləməsində əhəmiyyətli rola malik olan "Yaşma" yarımstansiyasında texniki yeniləşmə işləri görülüb. O cümlədən, gücü 240 MVA olan 2 saylı avtotransformator, 330 və 220 kV-lik 3 ədəd eleqaz açarı, “Yaşma” və “Xaçmaz” HX-lərin avadanlıqları və digər bir neçə elektrik avadanlıqları təmir edilmişdir. Ümumilikdə, obyektdə müasir texnologiyaların tələblərinə cavab verən avadanlıqların quraşdırılması sistemdə enerjinin ötürülməsinin dayanıqlığının daha da artmasına müsbət təsirini göstərib.
Qeyd edək ki, sözügedən dövrdə 220 kV-lik “Sənaye Qovşağı”, 110 kV-lik “Sumqayıt-3” yarımstansiyalarında da yenidənqurma və müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
“Respublikanın sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, şəbəkənin balansındakı əsas yarımstansiyalarda olan transformatorların bəziləri daha güclüləri, köhnə tipli yağ açarları müasir, zamanın tələblərinə cavab verən eleqaz, vakuum açarlarla əvəz edilib, mövsümi tədbirlər planına, illik plan-qrafikə əsasən bütün işlər ardıcıllıqla, vaxtında və keyfiyyətlə yerinə yetirilib”, – deyən mənbə görülən işlərə nümunə olaraq “Sulfanol” yarımstansiyasında 1 saylı 80 MVA transformator və onun avadanlıqlarının təmiri, 2 saylı transformatorun dəyişdirildiyini qeyd etmişdir. Eyni zamanda 110 kV-lik “135 saylı” yarımstansiyada 1 və 2 saylı 2x40 MVA transformator, I və II “Sumqayıt” HX-nin yağ açarlarının və digər avadanlıqların təmiri də görülən işlərin siyahısındadır. Onu da qeyd edək ki, analoji təmir işləri 110 kV-lik “Sitalçay”, “SAZ-1”, “SAZ-2”, “Ceyranbatan” və digər yrımstansiyalarında da həyata keçirilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik “Goradil”, “Şamaxı”, “Xırdalan” yarımstansiyalarında da həyata keçirilmiş müxtəlig təyinatlı təmir işləri enerjinin ötürülməsi sistemini dayahıqlığını daha da möhkəmləndirmişdir.
Hava xətləri üzrə görülən işlərə gəldikdə isə mənbə onu da bildirdi ki, balans mənsubiyyətinə daxil olan EVX-nə vaxtında texniki baxış keçirilir, mövcud olan hər hansı nasazlıqlar yerindəcə aradan qaldırılır. Sözügedən dövrdə 500 kV-lik II “Abşeron”, 330 kV-lik I “Abşeron”, “Xaçmaz”, 220 kV-lik “Yaşma” və digər hava elektrik verilişi xətləri bu qəbildən olan enerji obyektləridir. Belə ki, adıçəkilən EVX-lərin dayanıqlığının daha da artırılması məqsədilə burada müxtəlif təyinatlı yenidənqurma və təmir-bərpa işləri işləri yerinə yetirilmişdir. Aparılmış təmir işləri zamanı naqillər yenilənmiş, şleflər təftiş edilmiş, izolyatorlar dəyişdirilmiş, sallaq naqillər çəkilmişdir.
Yeri gəlmişkən, iqlim şəraiti ilə bağlı Planlaşdırılmış Tədbirlərə uyğun olaraq müəssisədə təmir işləri ilə yanaşı yanğına qarşı tədbirlər də vaxtında və keyfiyyətlə yerinə yetirilib. Belə ki, bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış, ərazi quru otlardan təmizlənmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, şəbəkədə istismarda olan ildırımdan mühafizə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və tam yararlı vəziyyətə gətirilmişdir.
Xatırladaq ki, təməli 1964-cü ildə qoyulmuş bu müəssisə Sumqayıt istiqaməti ilə paralel olaraq, ölkəmizin şımal bölgəsinə, Abşeron yarımadasının bir hissəsinə, eləcə də Şamaxı-Qobustan (Mərəzə) rayonlarına elektrik enerjisinin ötürülməsini həyata keçirir.