TEXNİKİ İSTİSMAR SƏVİYYƏSİ DAHA DA YÜKSƏLDİLİR

Image

Enerjitəchizatı müəssisəsinin daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə digər enerji obyektlərində olduğu kimi “Mingəçevir REŞ”-in də  xidməti ərazisindəki yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işləri yerinə yetirilir, o cümlədən itkilərin azaldılması  istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Respublikanın enerji sistemi üçün son dərəcə strateji əhəmiyyətə malik olan birinci və ikinci “Abşeron”, birinci, ikinci və altıncı “Mingəçevir” və “Qəbələ” elektrik verilişi xətləri (EVX) xüsusi diqqət mərkəzindədir.  Bu hava elektrik verilişi xətlərinin metal dayaqları müəssisənin xətt işçiləri tərəfindən mütəmadi təftiş edilir və aşkar edilmiş nasazlıqlar təcili aradan qaldırılır.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə,  cari ilin ötən son üç ayında bu  REŞ-in balans mənsubiyyətinə aid olan220 kV-lik “Qəbələ” yarımstansiyasında eyni gərginlikli 2-ci “Ağdaş” hava xəttinin eleqaz açarı, 110 kV-lik “Şəhər” yarımstansiyasında 6 kV-lik ikinci bölmənin yağ açarı, 110 kV-lik “Naftalan” yarımstansiyasında1 və 2 saylı transformatorların giriş eleqaz açarları, eyni zamanda bu yarımstansiyadan çıxan birinci və ikinci “Subartezan”, birinci və ikinci “Xanqərvənd”, “Əzizbəyov” və digər bir neçə hava xətlərinin eleqaz açarları təmir edilmişdir.Bütün bunlarla yanaşı hesabat dövründə 220 kV-lik “Qəbələ”, “Ağdaş” və  110 kV-lik  “Səhər” yarımstansiyalarında müxtəlif təyinatlı təmir işləri də həyata keçirilmişdir.

Qeyd edək ki, yuxarıda göstərilmiş dövrdə 110 kV-lik “Yevlax” yarımstansiyasında eyni gərginlikli birinci “Yevlax” hava xəttinin (HX) eleqaz, 10 kV-lik “Qəsəbə” HX-nin yağ açarları da təmir edilmişdir.

“110 kV-lik “Ağcabədi”, “Bərdə”, “Xalac” və digər bir neçə yarımstansiyada da müvafiq təmir işləri həyata keçirilmişdir. Ümumiyyətlə, xidmətimizdə görülən işlər ürəkaçandır. Çalışmışıq ki, yüksək gərginlikli hava xətlərində, yarımstansiyalardakı qurğu və avadanlıqlarda daim yeniləmə işləri aparaq və onların dayanıqlığını, istismar səviyyəsini yüksəldək”, - deyən mənbə onu da bildirdi ki, görülmüş işlər enerji təchizatı müəssisəsinə daha da keyfiyyətli, dayanıqlı və fasiləsiz enerji verilişinə müsbət zəmin yaradır.

“Bunlardan əlavə, mütəmadi olaraq avadanlıqlarda sınaq işləri aparılıb, onların texniki istismar səviyyəsi yaxşılaşdırılıb. Xətlərdə baş verən enerji itkisinin qarşısının alınması məqsədilə də müəyyən tədbirlər həyata keçirilmişdir, o cümlədən şəbəkənin istifadəsində olan xeyli sayda güc, gərginlik və cərəyan transformatoru, yağ və vakuum açarları, boşaldıcı, giriş izolyatorları və digər istifadədə olan elektrik avadanlıqları sınaqdan çıxarılıb və aşkar olunan qüsurlar aradan qaldırılıb”, – deyən mənbə yanğın təhlükəsizliyi tədbirləri barəsində də məlumat verdi və bildirdi ki, havaların istiləşməsi ilə əlaqədar olaraq yanğın təhlükəsizliyi tədbirləri daha da gücləndirilmişdir. Belə ki, EVX-lərin mühafizə zolaqları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmişdir. Eyni zamanda mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edilmiş və aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır.

Mənbədən daxil olan məlumata görə, fövqəladə hallar nəzərə alınmazsa, müəssisə avadanlıqları texniki göstəriciləri  baxımından  iqlim şəraitinə tam hazırdır.

Sonda onu da qeyd edək ki, həyata keçirilən və nəzərdə tutulmuş tədbirlər planı  müntəzəm xarakter daşıyır və bu kimi tədbirlər ölkə enerjisisteminin stabil və dayanıqlı iş rejiminin qorunmasında mühüm amillərdəndir.