YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ APARILMIŞDIR
“Azərenerji”nin bütün strukturlarında olduğu kimi, “Siyəzən Elektrik Şəbəkəsi”ndə də istehlakçıların elektrik enerjisi təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə xidməti ərazilərində olan transformator məntəqələrində və elektrik verilişi xətlərində (EVX) təmir-bərpa işləri müvəffəqiyyətlə həyata keçirilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, texniki göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə şəbəkə üzrə son üç ay ərzində həyata keçirilmiş yenidənqurma, əsaslı və cari təmir işlərin nəticəsidir ki, istehlakçılar daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilirlər. Eyni zamanda müəssisənin balans mənsubiyyətinə aid olan qurğu və avadanlıqların, xətlərin uzunömürlüyünü və dayanıqlığını artırmaq üçün daim profilaktiki işlər həyata keçirilir.
“Ümumiyyətlə, sözügedən müəssisənin elektrik avadanlıqlarında mövsümə hazırlıq çərçivəsində bütün lazımi tədbirlər icra olunur. Eyni zamanda sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi reydlər keçirilir”, – deyən mənbə onu da bildirdi həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində müsət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə cari ilin iyun ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 425 min kilovatsaat artaraq 6,4 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 1,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 68 min kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 2 faizdən çox artmışdır.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə müəssisə üzrə ümumilikdə 48 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 1,2 milyon kilovatsaatdan çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 17,6 milyon kilovatsaatdan artıq, 1,7 milyon kilovatsaata yaxın olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım isə 3 faizdən çox olmuşdur.