ZƏRURİ İŞLƏR REALLAŞDIRILIR
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, dünya şöhrətli müalicə nefti ilə tanınan Naftalan şəhərinin enerji təchizatçıları da şəbəkənin dayanıqlı istismarı üçün zəruri işlər görürlər. Belə ki, 10-0,4 kV-lik şəbəkə üzrə Naftalan şəhərində 630, 400 və 320 kVA-lıq altı transformator məntəqəsində əsaslı təmir işləri aparılıb. 400 kVA gücündə olan iki transformator məntəqəsində isə cari təmir işləri görülüb.
Qeyd edək ki, 110 kV-lik «Naftalan» yarımstansiyasından çıxan 10 kV-lik I “Xanqərvənd” və “Şəfibəyli” hava xətlərində təmir işləri aparılıb. Qaşaltı kəndi ərazisindəki transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Transformatorlardan yağ nümunələri götürülərək laboratoriyada yoxlanılıb, yağın səviyyəsi aşağı olan transformatorlara yağ əlavə olunub.
Yeri gəlmişkən, 10 kV-lik «Şəfibəyli» hava xəttində 2 dayaq dəmir-beton dayaqla əvəz edilib, 10 ədəd dayaq düzləndirilib, boş naqil çəkilib, izolyatorlar yenisi ilə əvəz olunub.
Qaşaltı-Qaraqoyunlu kəndi ərazisindəki 400 kVA-lıq transformator məntəqəsi yenilənib, bir ədəd SKTP-10 tipli transformator məntəqəsi quraşdırılıb.
Onu da qeyd edək ki, 10 kV-lik II «Sanatoriya» hava xəttində 6,6 kilometr uzunluğunda boşalmış naqil çəkilib, 20-ə yaxın dayaq düzəldilib. I «Xanqərvənd» hava xəttindəki 8 dayaqarası boş naqil çəkilib, xeyli sayda izolyator dəyişdirilib.
Mənbə onu da bildirdi ki, «Azenko» ASC tərəfindən şəhərdə 10 kV-lik elektrik verilişi xətti kabel xətti ilə əvəz olunub, II «Sanatoriya» və «Çinar» hava xətlərində iki dövrəli kabel çəkilib istismara verilib. Naftalan şəhərində 7 ədəd 10 kV-lik yeni qapalı paylayıcı qurğunun tikintisi başa çatıb və 2 ədəd paylayıcı qurğunun tikintisi isə davam etdirilib.
Sonda onu da qeyd edək ki, 110 kV-lik «Naftalan» yarımstansiyasını qidalandıran 110 kV-lik I və II «Naftalan» hava xətlərinin eleqaz açarları, 35 kV-lik «Naftalan» hava xəttinin yağ açarı, 16 MVA-lıq 1 və 2 nömrəli transformatorların 10 kV-lik giriş yağ açarları, 10 kV-lik I «Xanqərvənd» hava xəttinin, II «Sanatoriya» kabel xəttinin yağ açarları və «Şəfibəyli» hava xəttinin vakuum açarı təmir olunub.
Yay təmiri və payız-qış mövsümünə hazırlıq kampaniyası davam edir.