GÖRÜLƏN TƏDBİRLƏR SƏMƏRƏSİNİ VERİR
Hazırda Şabran rayonunun ərazisi daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur. Buna səbəb fiziki köhnəlmiş naqil və dayaqların vaxtlı-vaxtında yeniləri ilə əvəz olunmasıdır.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Şabran Elektrik Şəbəkəsi”nin əməkdaşları qəza açılmalarının qarşısının alınması məqsədilə aparılan məqsədyönlü tədbirlər, görülən işlər nəticəsində EVX-lər istənilən hava şəraitinə tam hazır vəziyyətdədir. Bütün xətlər üzrə cari və əsaslı təmir işləri aparılıb. Hazırda həmin işlər davam etdirilir. Transformator məntəqələrində də zəruri tədbirlərin görülməsi hesabına əsas işlər yekunlaşmışdır. Mühüm amillərdən biri də şəbəkənin tələb olunan mal-material və maşın-mexanizmlərlə təmin olunmasıdır ki, bu məsələ də ciddi şəkildə diqqət mərkəzində saxlanılır.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin iyun ayında müəssisənin xidməti ərazisində 4,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 496 min kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 13 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 386 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə bir faizdən çox olmuşdur.
Onu da qeyd edək ki, cari ilin 6 ayı ərzində müəssisə üzrə istehlak 32,1 milyon kilovatsaatdan artıq olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,9 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 2 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 milyon kilovatsaatdan çox artaraq 15,6 milyon kilovatsaata yaxın, ödənişdə mütləq artım isə 4 faizdən artıq olmuşdur.