YARIMSTANSİYANIN GÜCÜ ARTIRILIB

Image

Respublikamızın şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının lazımi səviyyədə təmin olunmasında “Xaçmaz Regional Elektrik Şəbəkəsi”nin (REŞ) tabeliyində olan elektrik şəbəkələrinin özünəməxsus yeri və rolu var.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən REŞ-in tərkibinə daxil olan bütün şəbəkələrdə istismar səviyyəsinin daha da yüksəldilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. Belə ki, cari ilin son üç ayı ərzində 110 KV-lik Siyəzən-Broyler yarımstansiyasında güc artımı ilə əlaqədar 2 saylı 10 MVA transformator quraşdırılmışdır. Eyni zamanda 110 kV-lik şin sistemində yağ açarı yeni tipli eleqaz açar ilə əvəz edilmiş və cərəyan transformatorları quraşdırılmışdır. 1 saylı 10 MVA transformator və onun avadanlıqları isə təmir olunmuşdur. Yeri gəlmişkən, sözügedən dövrdə 110 kV-lik I və II bölmənin boşaldıcıları yeni tipli gərginlik məhdudlaşdırıcıları ilə, 10 kV-lik “RTS”, “Buruq” və “Əhmədoba” hava xətlərinin (HX) yağ açarları yeni tipli vakuum açarlarla əvəz edilmiş, 1 və 2 saylı 25 MVA transformatorların avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Qeyd edək ki, sözügedən dövrdə 110 kilovoltluq “Xudat”, “Quba”, “Qusar”, “Şabran”, “Siyəzən”, 35 kV-lik “Qusar”, “Cağar” və digər yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilərək onların dayanıqlığı daha da möhkəmləndirilmişdir. Əlavə olaraq bütün yarımstansiyaların güc transformatorlarında ölçü-sınaq işləri aparılmışdır.

Mənbə onu da bildirdi ki, sözügedən dövrdə yenidən qurma və təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 330 kV-lik “Dərbənd”, 110 kV-lik I, II, IV, VI və VII “Xaçmaz”, I-II “Quba”, I “Qusar” və digər bir neçə xəttdə də görülmüşdür.

Onu da qeyd etmək yerinə düşərdi ki, şəbəkənin balansında olan 110 və 35 kV-lik hissə üzrə də bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Belə ki, məlum olduğu kimi, isti yay günlərində bu bölgəyə güclü turist axını müşahidə olunur. Bu da bölgədə iri enerjitutumlu obyektlərin qurulması zərurətini ortaya qoyur. Onların normal elektrik enerjisi ilə təchiz edilməsi üçün 110 kV-lik “Qusar” yarımstansiyasının genişləndirilməsi və yenidənqurulması üçün hazırlıq işlərinə başlanılmışdır. Hazırda 35 kV-lik “Qusar” yarımstansiyasını qidalandırmaq üçün yeni iki dövrəli hava elektrik verilişi xəttinin tikintisi aparılır.

Mənbəyə istinadən onu da qeyd edək ki, iqlim şəraiti ilə bağlı Planlaşdırılmış Tədbirlərə uyğun olaraq müəssisədə təmir işləri ilə yanaşı yanğına qarşı tədbirlər də vaxtında və keyfiyyətlə yerinə yetirilib. Belə ki, bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış, ərazi quru otlardan təmizlənmişdir. Eyni zamanda yarımstansiyalarda olan ilkin yanğınsöndürmə balonları təftiş olunmuş, nasazlıqlar aradan qaldırılmışdır.

Sonda onu da qeyd edək ki, müəssisə üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına da ciddi əməl olunur. Xidməti ərazinin fərqli iqlimə və relyefə malik olması istismar heyəti üçün müəyyən risklərlə  müşahidə edilir. Bunu nəzərə alaraq, istənilən əməliyyatın həyata keçirilməsindən  qabaq texniki heyət təlimatlandırılır və işçilər lazımi mühafizə dəstləri ilə təmin olunurlar.