GÖRÜLMÜŞ TƏDBİRLƏR NƏTİCƏ VERİR

Image

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müntəzəm olaraq müvafiq tədbirlər davam etdirilir. Lakin bütün bunlara baxmayaraq,  bir çox istehlakçılar enerji israfçılığına yol verir və istehlak etdikləri elektrik enerjisinin miqdarının gizlədilməsi məqsədilə sayğac sxeminə müdaxilələr edərək enerjidən qeyri-qanuni istifadə edirlər.  Belə hallar əməkdaşlarımız tərəfindən dərhal aşkar edilir və həmin istehlakçılara qarşı sərt tədbirlər görülür.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, Bağlar EŞ-in xidməti ərazisində cari ilin iyun ayında ümumilikdə 10.8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 955 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 11 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 6,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 441 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 7 faizə yaxın olmuşdur.

Yeri gəlmişkən, cari ilin 6 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 milyon kilovatsaatdan çox artaraq 79,4 milyon kilovatsaata yaxın olmuşdur. Ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə ödəniş mütləq 12 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 51 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 3 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 10 faizdən artıq olmuşdur.

Mənbədən onu da bildirdilər ki, cari ildə, o cümlədən son üç ay ərzində də müəssisənin balans mənsibiyyətinə aid olan 6-10-0,4 kV-lik xətlərin müəyyən hissəsində yenidənqurma və təmir işləri həyata keçirilmişdir.