YAY TƏMİR KAMPANIYASI DAVAM EDİR

Image

«Mingəçevir REŞ» MMC-nin balans mənsubiyyətində olan elektrik şəbəkələrində yay təmir kampaniyasının qızğın çağıdır. Transformator məntəqələrində, avadanlıq və qurğularda, elektrik verilişi xətlərində texniki istismar səviyyəsinin yüksəldilməsi, enerji təminatının daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Sözügedən REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Goranboy Elektrik Şəbəkə­si”ndə cari ilin ötən ayları ərzində xətt və avadanlıqların sazlanması, enerji verilişinin keyfiyyətinin yaxşılaşdırılması üçün xeyli iş görülüb.

Belə ki, 10 kilovoltluq hava xəttinin 27 kilometrlik hissəsində təmir işləri yerinə yetirilib. Bu proses 0,4 kV-lik hava xəttinin 11 kilometrində   həyata keçirilib. 10-0,4 kV-lik elektrik verilişi xəttində əsaslı və cari təmir zamanı 22 ədəd 10 kV-lik, 20 ədəd isə 0,4 kV-lik yeni dayaqdan istifadə edilib.

Qeyd edək ki, şəbəkənin təmirçilər briqadası 10/0,4 kV-lik 87 transformator məntəqəsində əsaslı və cari təmir aparıblar. Bu zaman istismara yararsız 8 transformator əsaslı təmir olunaraq yenidən öz yerinə quraşdırılıb.

Yay günlərində rayonun və onun kəndlərində yeni mənzil inşa etmiş abonentlərin ünvanına 255 ədəd birfazlı elektrik sayğacı quraşdırılıb, 490-dan artıq zədələnmiş birfazlı sayğac isə dəyişdirilib.