TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRÜLÜR
İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faiz yerinə yetirilməsi qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Qəbələ Elektrik Şəbəkəsi”nin (EŞ) xidməti ərazisində cari ilin 6 ayı ərzində ümumilikdə 50,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 10,1 milyon kilovatsaata yaxın çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 29 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 19,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 2,1 milyon kilovatsaata yaxın artmışdır. Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə sözügedən istehlakçı qrupu üzrə ödənişdə mütləq artım 16 faizə yaxın olmuşdur. Qeyd edək ki, cari ilin iyun ayında isə burada ümumilikdə 8,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,3 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 42 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 541 min kilovatsaata yaxın artaraq 3,1 milyon kilovatsaatdan çox olmuşdur. Ödəniş isə 2013-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 21 faizdən çox artmışdır.
Mənbə onu da bildirdi ki, digər EŞ-lərdə olduğu kimi burada da istehlakçıların enerji təminatının daha da yüksəldilməsi üçün müəssisənin balans mənsubiyyətinə aid EVX və TM-lərdə aparılan yenidənqurma və təmir bərpa işləri davam etdirilir.