DAYANIQLIQ DAHA DA ARTIRILIR
Saatlı rayonunun elektrik enerjisi təchizatı sistemində mövsümə hazırlıq işləri davam edir. Elektrik şəbəkəsinin təmirçilər briqadası xətt və yarımstansiyalarda zəruri profilaktik tədbirləri həyata keçirirlər.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, mövsümə hazırlıq üzrə tədbirlər planına uyğun olaraq, rayonun elektrik təsərrüfatının dayanıqlığını daha da möhkəmləndirilir. Qeyd edək ki, cari ilin son üç ayında da şəbəkə kollektivi 6-10-04 kilovoltluq elektrik verilişi xətlərində və 6-10/04 kV-lik transformator məntəqələrində müvafiq yenidənqurma və təmir işləri həyata keçiriblər.
Həyata keçirilən işlər müəssisənin digər texniki-iqtisadi göstəricilərinə də müsbət təsir göstərir. 2014-cü ilin iyun ayında müəssisə üzrə 5,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 756 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 4 faizdən çox artmışıdr. O cümlədən, daimi əhali qrupu üzrə bu göstəricilər müvafiq olaraq 3,9 milyon kilovatsaatdan artıq və 623 min kilovatsaat olmuşdur. Ödənişdə mütləq artım isə 12 faizdən artıqdır.
Yeri gəlmişkən, cari ilin 6 ayı ərzində isə müəssisənin xidməti ərazisində 49,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 263 min kilovatsaatdan çox atmış, ödənişdə mütləq artım isə 7 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 782 min kilovatsaatdan çox azalaraq 37 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 3 faizə yaxın olmuşdur.