AVADANLIQLAR TƏMİR OLUNUR

Image

Enerjitəchizatı müəssisəsinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə həyata keçirilən təmir işləri çərçivəsində respublikanın qərb bölgəsinin enerji təchizatının yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilməkdədir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər energetika müəssisələrində olduğu kimi, “Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ) xidməti ərazisində də istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlığın artırılması istiqamətində görülən işlər cari ilin birinci rübündə də davam etdirilmişdir.Belə ki, 500 kV-lik “Samux” yarımstansiyasında birinci “Samux” hava elektrik verilişi xəttinin avadanlıqları təmir olunmuşdur. Eyni zamanda 330 kV-lik “Gəncə” yarımstansiyasında 110 kV-lik ikinci şin sisteminin gərginlik transformatoru dəyişdirilmiş, eyni gərginlikli ikinci “Kür”, altıncı “Gəncə” və birinci “Yenikənd” hava elektrik verilişi xəttinin eleqaz açarı, cərəyan transformatoru və xətt ayrıcısı təmir edilmişdir.  Bütün bunlarla yanaşı həmin bu dövrdə 330 kV-lik “Ağstafa” yarımstansiyasında gücü 200 MVA olan bir saylı avtotransformator, gücləri müvafiq olaraq 400 və 630 kVA olan 1 və 2 saylı xüsusi sərfiyyat transformatorları, 1-ci “Ağstafa” HX-nin eleqaz açarı və cərəyan transformatoru da təmir edilmişdir.

Mənbəyə istinadən qeyd edək ki, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan bir neçə yarımstansiyada mühüm işlər görülüb. Daha doğrusu, 110 kV-lik “Gəncə-1”, “Gəncə-2”, “Zəyəm”, “Alabaşlı”, 330 kV-lik “GAZ” və digər yarımstansiyalarda transformatorlar, o cümlədən xüsusi sərfiyyat transformatorları, boşaldıcılar, yağ və eleqaz açarları  təmir edilmiş, digər ölçü transformatorları isə quraşdırılmışdır.

Mənbə onu da bildirdi ki, həmin bu dövrdə EVX-lər üzrə əsaslı və cari təmir işləri aparılmış və hazırda bu istiqamətdə təxirəsalınmaz tədbirlər davam etdirilir. O cümlədən, metal dayaqlarda qaynaqdan qopan hissələr qaynaq edilərək dayaqların möhkəmliyi bərpa edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, müəssisənin bütün struktur bölmələrində könüllü yanğın dəstələri yaradılmış və yanğına qarşı qəza məşqləri keçirilmişdir. Yarımstansiyaların ərazisi və HEVX-lərin dayaqlarının ətrafı qurumuş otlardan, trassası isə yaşıl kütlədən təmizlənmişdir. Yaz-yay mövsümü ilə əlaqədar bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir. İldırımlı mövsümlə əlaqədar tədbirlər planı da hazırlanmışıdr. Eyni zamanda digər qabaqlayıcı tədbirlər də görülmüşdür.

Mənbənin verdiyi məumata əsasən sadalanan tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq Şəbəkədən yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.