YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR
“Yardımlı Elektrik Şəbəkəsi”nin kollektivi ötən ildə olduğu kimi, cari ildə də əsas diqqəti yenidənqurma, təmir-bərpa işlərinə və avadanlıqlara texniki qulluğun yaxşılaşdırılmasına yönəldib. İstismar səviyyəsinin yüksəldilməsi və payız-qış mövsümünün uğurla başa vurulması üçün nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayında şəbəkənin balans mənsubiyyətinə aid elektrik verilişi xətlərində və transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Qeyd edək ki, elektrik şəbəkəsində itkilərin minimum həddə düşməsi texniki iqtisadi göstəricilərin səviyyəsinin yüksəldikməsi, qeyri-qanuni müdaxilələrin qarşısının alınması, dayanıqlığın daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə sayğacların baxış üçün maneəsiz yerdə quraşdırılması istiqamətində də işlər aparılır.
Mənbə onu da bildirdi ki, cari ilin iyun ayında müəssisənin xidməti ərazisində 1,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 144 min kilovatsaatdan çox, ödəniş isə mütləq 32 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 99 min kilovatsaatdan çox artaraq 965 milyon kilovatsaat olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 30 faizdan çox artmışdır. Cari ilin 6 ayı ərzində isə müəssisə üzrə istehlak 9,3 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,1 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 19 faizdən çox artmışdır. Daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 647 min kilovatsaat artaraq 6,9 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 18 faizə yaxın olmuşdur.