ƏSASLI VƏ CARİ TƏMİR İŞLƏRİ APARILIR
Enerjisistemin bütün müəssisələri kimi “Bərdə” və “Yevlax” Elektrik Şəbəkələrinin (EŞ) də balans mənsubiyyətinə aid olan yarımstansiyalarda, transformator məntəqələrində mütəmadi olaraq yenidənqurma və təmir işləri davam etdirilir. Yanğın təhlükəsizliyi tədbirləri də günün tələbləri səviyyəsində yerinə yetirilir.
“Bərdə EŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, şəbəkədə xətt və avadanlıqların texniki istismar səviyyəsini yüksəltmək üçün bu ilin birinci yarısında məqsədə müvafiq tədbirlər həyata keçirilib. Şəbəkə təmirçiləri 35 kV-lik “Qaradəmirçi” yarımstansiyasındakı 2,5 MVA-lıq transformatoru təmir etməklə yanaşı, transformatorun 35 kV-lik giriş yağ açarını da cari təmirdən çıxarıblar. Bununla yanaşı 110 kV-lik «Bərdə» yarımstansiyasından qidalanan 10 kV-lik I, V və VI «Kənd», «Pambıq zavodu», I «Şəhər» hava xətlərinin vakuum açarları təmir olunub. Həmin yarımstansiyadan qidalanan hava xətlərinin 9-da yağ açarları əsaslı təmirdən çıxarılıb. 35 kV-lik «Şirvanlı» yarımstansiyasından qidalanan 10 MVA-lıq 10 saylı transformatorun 35 kV-lik giriş yağ açarı təmir olunub.
Mənbənin verdiyi digər məlumata görə, 110 kV-lik “Bərdə” yarımstansiyasında 10 kV-lik qapalı paylayıcı qurğunun inşası başa çatıb və hazırda kabellərin çəkilməsi və bərpası davam etdirilir. Eyni zamanda 35 kV-lik «S.Vurğun» yarımstansiyasından çıxan 10 kV-lik III «Kənd» hava xətti Yevlax-Bərdə magistral yolunun kənarından uzaqlaşdırılaraq yeni xətt çəkilib və bu məqsədlə 50 ədəd yeni dəmir-beton dayaqlar basdırılıb.
“Yevlax EŞ”dən əldə etdiyimiz məlumata görə, cari ilin altı aylıq iqtisadi göstəricilərində irəliləyiş əldə edilib. Enerji təchizatçıları transformator məntəqələrində, yarımstansiyalarda və elektrik verilişi xətlərində cari və əsaslı təmir işləri apararaq istehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün səylə çalışıblar.
Mənbəyə istinadən qeyd edək ki, 6 kV-lik EVX üzrə 12 kilometr, 0,4 kV-lik EVX üzrə isə 11,3 kilometrlik hissə əsaslı və cari təmir edilib. 0,5 kilometr uzunluğunda naqil SİP kabeli ilə əvəzlənib. Elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısını almaq məqsədilə fərdi həyətlərdə yerləşən sayğacların baxış üçün əlverişli yerlərə köçürülməsi təmin olunub. 10/0,4 kV-lik transformator məntəqələrində müvafiq işlər görülüb. Bununla yanaşı, yarımillikdə 8 transformator əsaslı təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.