TEXNİKİ QULLUQ VAXTINDA GÖSTƏRİLİR
Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş, respublikamızın şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının daha dolğun şəkildə təmin olunmasında böyük rolu olan “Xaçmaz Elektrik Stansiyası”nın (ES) ardından "Şahdağ" ES-in tikilərək istismara verilməsi əvəzedilməz əhəmiyyət kəsb etmişdir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun olaraq göstərilmişdir. Məhz bunun nəticəsidir ki, ötən illərdə olduğu kimi, cari ilin 6 ayında da elektrik enerjisi istehsalında problem yaranmamışdır. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.
Mənbənin bildirdiyinə görə, stansiyada cari ilin iyun ayında 25,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal eidlmişdir. Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə bu rəqəm 205,8 milyon kilovatsaata yaxın təşkil etmişdir.
Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən dövrlərdə olduğu kimi, cari ilin 6 ayı ərzində də elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri qənaətbəxşdir.
“Mövsümə hazırlıq məqsədilə enerji bloklarında tədbirlər planına uyğun olaraq müxtəlif təyinatlı təmir işləri aparılır. Eyni zamanda digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilir”, – deyən mənbə cari ilın son üç ayı ərzində həyata keçirilmiş işlər barəsində də məlumat verdi.
Mənbənin bildirdiyinə görə, hesabat dövründə elektrik sexi üzrə 11 kV-lik şin sistemlərində, 2, 3 və 4 saylı güc transformatorları və avadanlıqlarında, I “Quba”, I-II “Ləzə” xətləri və avadanlıqlarında təmir işləri aparılmışdır. Eyni zamanda maşın sexi üzrə səkkiz porşen tipli aqreqatlara növbəti istismar həddinə uyğun olaraq texniki qulluq göstərilmişdir.
Yei gəlmişkən, tələbatçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə aqreqatlarda aparılan texniki xidmət işləri stansiyanın təmir briqadası tərəfindən yerinə yetirilir.
Onu da qeyd edək ki, yanğın təhlükəsizliyi məsələsi də daima diqqət mərkəzində saxlanılır. Belə ki, yanğınsöndürmə vasitələrinə, yanğına qarşı su təchizatına növbədənkənar baxış keçirilmişdir.
Xatırladaq ki, “Şahdağ” elektrik stansiyası 12 aqreqatdan ibarət olub, ümumi gücü 105 MVt-dir. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, o cümlədən sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Həmçinin, bölgənin sosial-iqtisadi inkişafı baxımından da böyük əhəmiyyət kəsb edir. Eyni zamanda bu stansiya “Şahdağ” Qış-yay Turizm kompleksinin elektrik enerjisi təchizatını da həyata keçirir.