İSTİSMAR YAXŞILAŞDIRILIR, QAYDA POZUCULARI CƏZALANDIRILIR
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi, “Ağdam EŞ”in də əməkdaşları tərəfindən elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.
Mənbəyə istinadən qeyd edək ki, şəbəkə üzrə istismarın səviyyəsinin daha da yaxşılaşdırılması məsələsinə də diqqət artırılmaqdadır. Belə ki, son dövrlər ərzində müəssisənin balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX) və transformator məntəqələrində (TM) həyata keçirilmiş təmir işləri çərçivəsində ərazi üzrə yeni 0,4 kV-lik hava xətti çəkilib, həmçinin, 10, 6 və 0,4 kV-lik xətlərin müəyyən hissəsində təmir işləri aparılıb.
Qeyd edək ki, təmir kampaniyası qrafikinə uyğun olaraq, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid transformatror məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. “Ümummiyyətlə, enerjisistemdə dayanıqlığın yüksəldilməsi, enerji təchizatının daha da təkmilləşdirilməsi istiqamətində məqsədyönlü addımlar atılır. Rayon ərazisində elektrik verilişi xətləri, transformator məntəqələri inventarlaşdırılıb, abonentlərin uçotu dəqiqləşdirilib, yarımstansiyalar, transformatorlar kodlaşdırılıb.
Aparılan islahatlar nəticəsində şəbəkə üzrə istehlak olunmuş enerjinin dəyərinin ödənişində irəliləyiş əldə edilib”, – deyən mənbə onu da bildirdi ki, cari ilin iyun ayında müəssisənin xidməti ərazisində 18 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 1,7 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 3 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 788 min kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 74 min kilovatsaatdan çox azalmışdır.
Onu da qeyd edək ki, cari ilin 6 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 8,7 milyon kilovatsaata yaxın artaraq 102,1 milyon kilovatsaata yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 6,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 445 min kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 3 faizə yaxın artmışdır.
Sonda onu da qeyd edək ki, şəbəkədə istehlak olunan elektrik enerjisinin ödənişinin artırılması, enerjidən qeyri-qanuni istifadə və digər bu kimi neqativ halların aradan qaldırılması məqsədilə maarifləndirmə tədbirlərinə də üstünlük verilir. Ümid olunur ki, yaxın gələcəkdə şəbəkədə müasir texnologiyaların tətbiqi genişləndirildikcə qeyd olunan arzuolunmaz hallar da tədricən aradan qalxmış olacaqdır.