İŞİN QIZĞIN ÇAĞIDIR

Image

“Qazax Elektrik Şəbəkəsi”nin kollektivi qarşıdakı payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir. Bu məqsədlə  transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri həyata keçirilir.

Şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, bu ilin ötən ayları ərzində 10, 6 və 0,4 kV-lik EVX-lərdə 2,8 kilometrə yaxın  hissədə  naqillər təmirdən çıxarılıb. Şəbəkənin tə­mirçilər briqadası müxtəlif gücə malik 28 transformator  məntəqəsində müvafiq təmir işləri həyata keçirib.

Qeyd edək ki, yeni mənzil sahiblərinin ünvanına 125-ə yaxın birfazlı sayğac quraşdırılıb. Həmçinin qüsurlu 520-ə yaxın sayğac yenisi ilə əvəz olunub.

Yeri gəlmişkən, sərhəd kəndi olan Cəfərli, Xanlıqlar, habelə Salahlı kəndlərində müxtəlif gücə malik 4 transformator bərpa edilərək sxemə qoşulub. 110 kV-lik «Daş Salahlı» yarımstansiyasında təbii fəlakət nəticəsində zədələnmiş gərginlik transformatoru yenisi ilə əvəz edilib. Bundan əlavə, Ağ­köy­nək, Qarapapaq və Ülk­məzli kəndlərində 3 ədəd dayaq yeni beton dayaqla dəyişdirilib.

 

Onu da qeyd etmək yerinə düşərdi ki, yay mövsümü ilə əlaqədar Qazax rayonunu qidalandıran 35 kV-lik «Ağstafaçay» və «Qazaxbəyli», eləcə də 6 və 10 kV-lik hava xətlərinin trassası yaşıl kütlədən təmizlənib, ətrafdakı ağaclarda budama işləri aparılıb. Sonda onu da qeyd edək ki, şəbəkədə işlər nəzərdə tutulan qrafik əsasında aparılır.