BAKI ES: AQREQATLAR DİSPETÇER QRAFİKİNƏ UYĞUN OLARAQ FƏALİYYƏT GÖSTƏRIR
Digər elektrik stansiyalarında olduğu kimi “Bakı Elektrik Stansiyası”nda da aqreqatlarda istismar həddinə uyğun növbəti təmir işləri aparılır. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin iyun ayında 31,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, 2014-cü ilin 6 ayı ərzində isə bu göstərici 235,3 milyon kilovatsaata yaxın təşkil etmişdir.
Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin 6 ayında stansiyanın digər texniki iqtisadi göstəricilərində də qənaətbaxş nəticələr əldə olunmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. İstismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Təmir işləri də stansiyanın təmir briqadası tərəfindən aparılır. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin son üç ayında maşın sexində həyata keçirilmiş təmir kampaniyası zamanı avadanlıqlar təftiş edilmiş, istismar prosesində ortaya çıxan nasazlıqlar aradan qaldırılmış, avadanlıqlarda sıradan çıxmış hissələr yeniləri ilə əvəz edilmişdir.
Payız-qış mövsümünə hazırlıq tədbirlərinə uyğun olaraq elektrik sexində də avadanlıqlara texniki baxış keçirilmiş və müxtəlif təyinatlı təmir işləri görülmüşdür. O cümlədən, güc transformatorlarında, eleqaz açarlarında, ayrıcılarda texniki xidmət işləri aparılmışdır.
Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir
Sonda onu da qeyd edək ki, müəssisədə çalışan işçilərin peşəkarlıq qabiliyyətlərinin artırılması məsələsi də diqqət mərkəzində saxlanılır. Eyni zamanda ərazidə abadlıq işləri də vaxtlı-vaxtında yerinə yetirilir. Xatırladaq ki, bu “Bakı”elektrik stansiyası 12 aqreqatdan ibarətdir və ümumi gücü 105 MVt təşkil edir.