“AZƏRBAYCAN İES”: YARIMILLIYIN UĞURLU YEKUNU

Image

Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olan, respublikada istehsal edilən elektrik enerjisinin 40 faizə yaxınını istehsal edən  “Azərbaycan İstilik Elektrik Stansiyası”nda (İES) həmişə olduğu kimi, cari ilin I yarımilliyində də enerji blokları və avadanlıqların dayanıqlı və qənaətli iş rejimi təmin olunmuş, elektrik enerjisi istehsalı dispetçer qrafikinə uyğun davam etdirilmişdir.

Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, respublikamızın elektrik enerjisi istehsalında özünəməxsus rolu və əhəmiyyəti olan “Azərbaycan İES”də aylıq proqnoz uğurla yerinə yetirilir. Belə ki, iyun ayında stansiyanın energetikləri  361 milyon 484 min kVt-saat elektrik enerjisi istehsal etmişlər. Ümumiyyətlə, enerji istehsalçıları bu ilin birinci yarısı üzrə  proqnozların icrasını tam təmin etmişlər. Altı ay ərzində 3 mil­yard 474,5 milyon kilovat-saat elektrik enerjisi hasil olunaraq  respublikanın enerji sisteminə ötürülüb.

Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Hazırda stansiyanın enerji blokları  dispetçer yük qrafikinə uyğun olaraq işləyir və  müəssisədə sutka ərzində, orta hesabla, 19-20 milyon kVt-saat elektrik enerjisi istehsal olunur. Enerji bloklarında lazımi təmir-bərpa işləri də həyata keçirilir.

 

Sonda onu da qeyd edək ki, burada yay mövsümü ilə əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bu məqsədlə stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır.