“GÖYGÖL EŞ”: MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR

Image

Göygöl rayonunda istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, son illər sözügedən rayonun enerji təsərrüfatında xeyli iş görülüb ki, bu da istehlak edilən elektrik enerjisinin keyfiyyətinin və dayanıqlığının daha da artırılmasına səbəb olmuşdur. O cümlədən, cari ilin son üç ayı ərzində də mövsümə hazırlıqla əlaqədar yenidənqurma və təmir-quraşdırma işləri həyata keçirilmişdir.

Qeyd edək ki, istehlakçıların elektrik enerjisinə tələbatını daha da yaxşılaşdırmaq məqsədilə şəbəkə tərəfindən TM-lərdə təmir işləri aparılmış və hətta yükə uyğun transformatorlar əvəz olunmuşdur.

İstehlakçılara xidmətin  səviyyəsinin daha da yüksəldilməsi, sərf olunmuş enerjinin dəyərinin vaxtında ödənilməsi  üçün kollektiv öhdəsinə düşən işi layiqincə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər etmişdir. Cari ilin iyun ayında müəssisənin xidmət ərazisində 7,2  milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 668 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 38 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2,2 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 586 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 10 faizdən çox olmuşdur.

Onu da qeyd  edək ki, cari ilin 6 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 4,3 milyon kilovatsaata yaxın artaraq 48,7 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 8 faizə yaxın olmuşdur.  O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə 14,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 2,3 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən  ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7 faizdən çox artmışdır.