ŞƏBƏKƏLƏRDƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ DAHA DA YAXŞILAŞDIRILIB
“Azərenerji”nin bütün strukturlarında olduğu kimi, “Xırdalan” elektrik şəbəkəsində (EŞ) də istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə transformator məntəqələrində və elektrik verilişi xətlərində (EVX) son üç ay ərzində uğurlu təmir-bərpa işləri həyata keçirilmişdir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, burada dayanıqlığın daha da möhkəmləndirilməsi üçün bir sıra müxtəlif təyinatlı yenidənqurma işləri görülüb. Eyni zamanda əsas və yardımçı elektrik avadanlıqları təmir edilmiş, yaxud yeniləri ilə əvəz edilərək istifadəyə verilmişdir. Mənbənin bildirildiyinə görə, buradakı təmir işlərinə transformator yağlarının əlavə edilməsi, müxtəlif sayda farfor izolyatorların metal hissə ilə qoyulması, müxtəlif gücdə transformatorların daha güclüsü ilə əvəz edilməsi daxildir. Yeri gəlmişkən, təmir-bərpa işləri davamlı olaraq yerinə yetirilir və istehlakçılar enerji təchizatı sarıdan heç bir problemlə üzləşmir.
Müəssisədən bildirdilər ki, enerji daşıyıcıların yüksək səviyyədə fəaliyyətinin davamlılığı məqsədilə atılan addımlar ənənəvi olaraq davam etdirilir ki, bu da öz növbəsində eyni zamanda sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Qeyd edək ki, burada 2014-cü ilin may ayında keçirilmiş reydlər zamanı 140-dan artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 1 milyon 505,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 90,3 min manartdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 35 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin ötən 5 ayı ərzində isə müəssisə üzrə 960 qayda pozuntusu faktı aşkar edilərək 23 milyon 456,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 207,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 55 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən daxil olan digər bir məluma görə, müəssisənin xidməti ərazisində cari ilin may ayında 30,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, onun da 9,5 milyon kilovatsaatdan çoxu daimi əhali istehlakçılar qrupuna aiddir. Nəticədə 2013-cü ilin eyni dövrü ilə müqayisədə ümümi istehlak 3,5 milyon kilovatsaatdan çox artmış, daimi əhali istehlakçılar qrupunda isə istehlak 147 min kilovatsaatdan çox azalmışdır. Eyni zamanda ümumi ödəniş ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 19 faizə yaxın, daimi əhali istehlakçılar qrupunda isə mütləq 7 faizə yaxın artmışdır. Sonda onu da qeyd edək ki, cari ilin 5 ayı ərzində isə müəssisənin xidməti ərazisində ümumilikdə 186,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,8 milyon kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 16 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçılar qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 milyon kilovatsaata yaxın artaraq 76,4 milyon kilovatsaatdan çox olmuşdur. Ödənişdə mütləq artım isə 12 faizdən artıq olmuşdur.