“ŞIRVAN” REŞ: YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ APARILIB
Hazırda enerjisistemdə mövcud olan və yeni yaradılmış potensial generasiya güclərin inkişafı ilə yanaşı, vacib məsələlərdən biri də istehsal olunan elektrik enerjisinin vaxtında və keyfiyyətli şəkildə tələbatçılara çatdırılmasıdır. Bu məsələnin həllində elektrik verilişi xətləri və yarımstansiyaların normal fəaliyyət göstərmələri mühüm rol oynayır. 35 kilovoltluq və ondan yuxarı gərginlikli hava xətləri və eyni gücə malik yarımstansiyalar üzrə nəzərdə tutulan tədbirlər əsasən yerinə yetirilib. 6-10-0,4 kilovoltluq şəbəkələr üzrə nəzərdə tutulmuş işlər də icra olunub.
Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki göstəricilərin daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi məqsədilə son üç ay ərzində EVX-lərdə və yarımstansiya avdanlıqlarında həyata keçirilmiş yenidənqurma və təmir tikinti işləri barəsində “Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, sözügedən dövrdə 330 kilovoltluq IV “Şirvan”, 230 kilovoltluq “Parsabad”, 220 kilovoltluq I, II “Şirvan” və III “Masallı” hava elektrik verilişi xətlərinin 13,5 kilometri təmir edilmiş, 500-ə yaxın izolyator dəyişdirilmiş, 40-dan artıq xətt armaturu quraşdırılmışdır. Qeyd edək ki, analoji təmir işləri müəssisənin xidməti ərazisində olan 110 kV-lik I və II “Cənub”, I və II “Qazıməmməd”, II “Muğan”, II “Masallı” və digər, eyni zamanda 35 kV-lik EVX-lərdə də aparılmışdır. Nəticədə ümumilikdə 46 kilometrə yaxın xətt təmir edilmiş, 500-ə yaxın izolyator dəyişdirilmiş və 60-a yaxın xətt armaturu quraşdırılmışdır. Mənbəyə istinadən onu da qeyd edək ki, sözügedən dövrdə REŞ-in balans mənsubiyyətinə daxil olan 220 kV-lik “Masallı” yarımstansiyasında 1 saylı 125 MVA avtotransformator, 110 kV-lik giriş eleqaz açarı və digər avadanlıqlar təmir edilmişdir. 110 kV-lik “Muğan” yarımstansiyasında isə 1 və 2 saylı 40 MVA transformatorlar əsaslı, həmin transformatorların 110 kV-lik giriş yağ açarları, IV “Sabirabad” HX-nin yağ açarı və digər avadanlıqlar cari təmir edilmişdir.
Onu da qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik “Cənub” yarımstansiyasında 2 saylı transformator yenisi ilə əvəz edilmiş, HX-lərin isə eleqaz açarları təmir olunmuşdur. Analoji təmir işləri 110 kV-lik “Biləsuvar”, “Boradigah”, “Salyan” və s. 35 kV-lik “Alvadı”, “Qarabağlı”, “Göytəpə” və digər yarımstansiyalarda da həyata keçirilmişdir. Ümumiyyətlə, həmin bu dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan yarımstansiyalarda müxtəlif gərginlikdə olan 30-dan artıq transformator və 120-ə yaxın yağ açarı təmir edilərək normal iş rejiminə gətirilmişdir. Digər təmir işləri barəsində məlumat verən mənbə onu da bildirdi ki, paylayıcı şəbəkələrdə də (10, 6 və 0,4 kV-lik xətlərdə və transformator məntəqələrində) müxtəlif təyinatlı təmir işləri görülmüşdür ki, bu da avadanlıqların texniki göstəricilərinin keyfiyyətini daha da artırmışdır.
Mövcud iqlim şəraitində yanğın təhlükəsizliyi məsələsinin daima diqqət mərkəzində saxlanıldığını bildirən mənbə onu da bildirdi ki, xidməti ərazidə olan yarımstansiyaların, transformator məntəqələrinin ərazisi quru otlardan, yağ töküntülərindən təmizlənmiş, transformatorların, yağ qəbuledici qurğuların yağ ötürən hissələri yoxlanılmış, çınqıl örtüyü yenisi ilə əvəz edimişdir. Bunlardan əlavə yanğınsöndürmə vasitələrinin texniki vəziyyəti təkrarən yoxlanılmışdır. Yeri gəlmişkən, görüləcək işlərdən söz açan mənbə sonda onu da bildirdi ki, mal-material və texniki cəhətdən isə heç bir problemləri yoxdur.