“ABŞERON REŞ”: YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR
Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsini, o cümlədən elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər cari ilin son üç ayında da davam etdirilmişdir. Bütün energetika müəssisələrində olduğu kimi, “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ) əmək kollektivi də qarşıya qoyulmuş vəzifələri vaxtında və layiqincə yerinə yetirmək üçün səylə çalışırlar. Belə ki, sözügedən REŞ-in balans mənsubiyyətinə aid olan yarımstansiyalarda təmir işləri təsdiq edilmiş qrafik üzrə keyfiyyətlə yerinə yetirilmişdir. Hazırda təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə cari ilin son 3 ayı ərzində həyata keçirilmiş tədbirlər barədə məlumatda bildirilir ki, şəbəkəinin bir sıra enerji obyektlərində sistem əhəmiyyətli yenidənqurma və təmir bərpa işləri həyata keçirilmişdir. Belə ki, 500 kV-lik “Abşeron” yarımstansiyasında layihə əsaında 220 kV-lik açıq paylayıcı quruluşda (APQ) yenidənqurma, yarımstansiyada, idarəetmə məntəqəsində 220 kV-lik idarə etmə lövhələrinin yenisi ilə əvəz ilunması işləi davam etdirilir. Qeyd edək ki, şəhərin mərkəzi hissəsinin enerjitəchizatını həyata keçirən 220 kV-lik “Müşviq” yarımstansiyasında 110 kV-lik APQ-də mövcud eynigərginlikli ayrıcılar yenisi ilə əvəz edilmiş, idarəetmə məntəqəsində isə 110/220 kV-lik idarəetmə lövhələrinin yenisi ilə əvəzlənməsi işləri davam etdirilir. Bütün bunlarla yanaşı 220 kV-lik “Nizami” yarımstansiyasında 110 kV-lik qapalı paylayıcı quruluşda (QPQ) yağ açarları eleqaz açarlarla əvəz edilmiş, hazırda 110 kV-lik I və II “Nizami” HX-nin yağ açarlarının eleqaz açarlarla əvəz edilməsi üçün hazırlıq işləri davam etdirilir. “8-ci km” yarımstansiyasında isə 10 kV-lik QPQ-nin tikintisinə başlanılmışdır.
Yeri gəlmişkən, 220 kV-lik “Zabrat” yarımstansiyasında sözügedən dövrdə 1 və 2 saylı 180 MVA gücündə avtotransformatorlar sxemə salınaraq işə qoşulmuşdur. 110 kV-lik APQ-də eynigərginlikli çıxış EVX-lər üçün 600 metr uzunluğunda tunelin tikintisi başa çatdırılaraq “Təmiz şəhər”, III “Suraxanı”, V və VI “Zabrat”, II və III “Maştağa” kabel xətləri çəkilərək istismara verilmişdir. 110 kV-lik “Zabrat” yarımstansiyasında isə yeni 10 kV-lik QPQ-nin tikintisi və avadanlıqların quraşdırılması başa çatdırılmışdır. Bütün bunlarla yanaşı 220 kV-lik “Zabrat” və 110 kV-lik “Zabrat” yarımstansiyalarını əlaqələndirən yeni 110 kV-lik V “Zabrat” HX də tikilib istismara verilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, layihə əsasında 3X250 MVA gücündə strateji əhəmiyyətli 220 kV-lik “Böyük Şor” yarımstansiyasının tikintisi davam etdirilir.
Mənbədən daxil olan məlumatda o da qeyd edilir ki, 110 kilovoltluq “Puta” yarımstansiyası da bu qəbildən olan enerji obyektlərindən biridir. Belə ki, yarımstansiyanın dayanıqlılığının daha da möhkəmləndirilməsi ilə əlaqədar olaraq 110 kV-lik APQ-ni genişləndirməklə iki ədəd yuvanın quraşdırılması başa çatdırılmış və yuvaların idarəetmə məntəqələrində yeni iki ədəd idarəetmə və mühafizə lövhələri yığılır. Eyni zamanda burada 1, 2 və 3 saylı transformatorların 6 kV-lik tərəfindəki reaktorların çıxışındakı eyni gərginlikli bölmədəki giriş yuvasına qədər olan hissəni yeni kabel xətti ilə əvəz edilməsi işlərinə başlanılmışdır. Bütün bunlarla yanaşı 2 saylı akkumulyator batareyaları yenisi ilə əvəz edilmiş, yanğınsöndürmə su anbarı da əsaslı təmir edilmişdir.
Onu da qeyd edək ki, sözügedən dövrdə 110 kV-lik “Əhmədli”, “Suraxanı” yarımstansiyalarında aparılan işlər də bu tədbirlər sırasına aid edilir. Adları qeyd edilən enerji obyektlərində müxtəlif təyinatlı yenidənqurma işləri həyata keçirilib. Məsələn, burada eleqaz, gərginlik və cərəyan transformatorlarının dəyişdirilməsi və digər müxtəlif təyinatlı təmir işləri uğurla yerinə yetirilmişdir. Mənbənin verdiyi məlumata əsasən sadalanan tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq Şəbəkədən yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.
Mövcud hava şəraitinin mənfi fəsadları nəzərə alınaraq qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Məsələn, müvafiq su hovuzları su ilə doldurulur, köpük əmələ gətirən maddələr çənlərə qablaşdırılaraq saxlanılır. Bundan əlavə, yağ tutumlu avadanlıqların yağ sızmalarının qarşısı vaxtında alınır, yanğın əleyhinə tədbirlər görülür. Şəbəkə rayonlarında növbətçi heyətin yanğına qarşı hazırlığını artırmaq məqsədilə xüsusi təlimlər keçirilir.
Hazırda analoji tədbirlərin davam etdirildiyini bildirən mənbə onu da vurğuladı ki, bütün bunlar yarımstansiyaların, elektrik verilişi xətlərinin qəzasız və dayanıqlı işləməsi üçün əsaslı zəmin yaradır.