“ZAQATALA” EŞ: TEXNİKİ GÖSTƏRİCİLƏR DAHA DA YAXŞILAŞDIRILIR
İstehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə ölkə enerji təsərrüfatının bütün sahələrində olduğu kimi, “Zaqatala” Elektrik Şəbəkəsində (EŞ) də transformator məntəqələrində və elektrik verilişi xətlərində (EVX) son üç ay ərzində bir sıra təmir işləri aparılıb.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, burada dayanıqlığın daha da artırılması üçün bir sıra müxtəlif təyinatlı yenidənqurma işləri görülüb. Bu tədbirlərə, naqillərin əvəz edilməsi, izalyatorların quraşdırılması, dayaqların dəyişdirilməsi və yaxud təmir edilməsi aiddir.
Qeyd edək ki, mütəmadi olaraq yenidənqurma, təmir-bərpa işləri yerinə yetirilir və istehlakçılar enerji təchizatı sarıdan heç bir problemlə üzləşmir. Müəssisədən bildirdilər ki, enerji daşıyıcıların yüksək səviyyədə fəaliyyətini təmin etmək məqsədilə atılan addımlar ənənəvi olaraq davam etdirilir.
“Əməkdaşlarımız həmişə olduğu kimi, bundan sonra da istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcəklər”, – deyən mənbə onu da bildirdi ki, cari ilin may ayında müəssisənin xidməti ərazilərində istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etməsi ilə bağlı keçirilmiş reydlər zamanı 8 qayda pozuntusu faktı aşkar edilmişdi. Aşkar edilmiş pozuntular müvafiq qaydada aktlaşdırılaraq 15,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 940 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Yeri gəlmişkən, cari ilin 5 ayı ərzində keçirilmiş reydlər zamanı isə 174 istehlakçının sayğac uçot komplektində qayda pozuntusu aşkar edilərək 210,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 12,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Mənbədən qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir.
Əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, cari ilin may ayında müəssisənin xidmət ərazisində ümumilikdə 6,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 345 min kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 67 min kilovatsaata yaxın artaraq 4,4 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən müəyyən qədər mütləq artmışdır. Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin 5 ayı ərzində burada ümumilikdə 33,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 599 min kilovatsaatdan çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 545 min kilovatsaat artaraq 21,4 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 3 faizə yaxın olmuşdur.