QABAQLAYICI İŞLƏR APARILIR
Yay fəslində ötürücü və paylayıcı şəbəkələrdə işlər böyük vüsət alır. Bu il yayın çox isti keçməsi isə qayğı və məsuliyyətimizi daha da artırıb. Avadanlıqların ifrat yüklənmədən və havanın yüksək temperaturunun təsirindən qorunması üçün zəruri tədbirlər həyata keçirilir. “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə “Kürdəmir Elektrik Şəbəkəsi”nin (EŞ) mövcud vəziyyəti barədə daxil olan məlumatda belə qeyd edilir. Mənbənin bildirdiyinə görə, EŞ-in xidməti ərazisindəki 10, 6 və 0,4 kV-lik hava xətlərində (HX) aparılmış təmir işləri çərçivəsində ümumilikdə sözügedən xətlərin müəyyən hissəsi yenidənqurulmuş və təmir edilmişdir. Qeyd edək ki, paylayıcı şəbəkənin dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə transformator məntəqələrində də müxtəlif təyinatlı təmir işləri aparılmış və hesabat dövründə balans mənsubiyyətinə aid olan müxtəlif gücdə bir neçə transformator da təmir edilərək istifadəyə verilmişdir.
Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir. Burada cari ilin 5 ayı ərzində keçirilmiş reydlər zamanı aşkar edilmiş qayda pozuntularına görə müvafiq qaydada aktlar tərtib edilərək itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Belə ki, cari ilin 5 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 335-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 173,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 70,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 80 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Onu da qeyd edək ki, cari ilin may ərzində keçirilmiş reydlər zamanı 25 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 58,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 3,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Yeri gəlmişkən, mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin may ayında müəssisə üzrə 10,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyon kilovatsaata yaxın çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 26 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 149 min kilovatsaatdan çox azalaraq 3,2 milyon kilovatsaata yaxın olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə enerji haqqının ödənişində mütləq artım isə bir faizdən artıq olmuşdur. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 5 ayı ərzində müəssisə üşrə ümumi istehlak 58,9 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 412 min kilovatsaat, ödəniş isə mütləq 10 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 milyon kilovatsaata yaxın azalaraq 20,1 milyon kilovatsaata yaxın, ödənişdə mütləq artım isə bir faizdən artıq olmuşdur. Yeri gəlmişkən, enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir.