“İMİŞLİ EŞ”də YENİDƏNQURMA İŞLƏRİ HƏYATA KEÇİRİLİR
İstehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək, yarana biləcək hər hansı bir qəzanın qarşısının vaxtında alınması məqsədilə digər rayonlarda olduğu kimi, İmişli rayonunun da paylayıcı elektrik şəbəkələrində müvafiq yenidənqurma və təmir işləri həyata keçirilir. Nəticədə istehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsinə və təhlükəsizliyinin möhkəmləndirilməsinə, eyni zamanda itkilərin, ən əsası isə kommersiya itkilərinin qarşısının alınmasına nail olunur.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “İmişli EŞ”in balans mənsubiyyətinə aid olan paylayıcı elektrik şəbəkələrində yenidənqurma və təmir işləri davam etdirilir. Belə ki, cari ilin son üç ayı ərzində bir neçə transformator məntəqəsində əsaslı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda transformatorlar da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Qeyd edək ki, təmir işləri elektrik verilişi xətlərindən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə 10, 6 və 0,4 kV-lik xətlərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda isə qeyd edilir ki, cari ilin may ayında müəssisənin xidmət ərazisində 14 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 467 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 4,4 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 956 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 15 faizdən çox olmuşdur. Onu da qeyd edək ki, cari ilin 5 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 1,4 milyon kilovatsaata yaxın artaraq 96,5 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 4,4 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 29,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 1,2 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7 faizdən çox artmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, itkilərin azaldılması da qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir. O cümlədən cari ilin may ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 28 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 53 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 3,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Yeri gəlmişkən, cari ilin 5 ayı ərzində isə burada 440-dan artıq qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 791,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 47,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı, ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.