REYDLƏR MÜNTƏZƏM OLARAQ DAVAM ETDİRİLİR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik veriliş xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin 5 ayı ərzində “Şamaxı” elektrik şəbəkəsinin xidməti ərazisində keçirilmiş reydlər zamanı 145 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 394,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 23,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 80 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, cari ilin may ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 10 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 12,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 800 manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Yenidənqurma və təmir işlərinə gəldikdə isə mənbə qeyd etdi ki, rayonun elektrik enerjisi təchizatı 40 ədəd 10 kV-lik EVX və 625-dən artıq transformator məntəqəsi (TM) vasitəsilə həyata keçirilir. Cari ilin son üç ayı ərzində 10, 6 və 0,4 kV-lik EVX-lərdə həyata keçirilmiş təmir işləri çərçivəsində TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda müxtəlif gücdə olan bir neçə transformatorda təmir edilərək istehlakçıların xidmətinə verilmişdir. Şəbəkədən verilən məlumata istinadən, yerinə yetirilən və hazırda davam etdirilən təmir-bərpa işləri sözügedən EŞ-in enerji təhlükəsiziliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcəkdir.
Mənbə onu da bildirdi ki, cari ilin may ayında müəssisə üzrə 5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 230 min kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 min kilovatsaatdan çox artaraq 2,7 milyon kilovatsaatdan artıq olmuşdur. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 5 ayı ərzində müəssisə üşrə ümumi istehlak 28,9 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,3 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 8 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon kilovatsaatdan çox artaraq 16,7 milyon kilovatsaatdan artıq, ödənişdə mütləq artım isə 6,3 faiz olmuşdur. Yeri gəlmişkən, enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir.