XAÇMAZ ES: TEXNİKİ QULLUQ İŞLƏRİ HƏYATA KEÇİRİLMİŞDİR

Image

Müasir texnologiyaların tətbiq edildiyi generasiya mənbələrindən biri olan “Xaçmaz” elektrik stansiyasının respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu vardır. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, eyni zamanda sistemin dayanıqlığının artırılmasında da böyük əhəmiyyəti var. Stansiyada texniki istismar səviyyəsinin yüksəldilməsi, avadanlıqların təhlükəsiz və qənaətli işləməsini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər müntəzəm olaraq yerinə yetirilir, o cümlədən vaxtlı-vaxtında texniki baxış keçirilir və zəruri operativ tədbirlər görülür. Məhz onun nəticəsidir ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Xaçmaz” elektrik stansiyasında cari ilin ötən iki ayı ərzində 43,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, 2016-cı ilin fevral ayında isə bu rəqəm 20,9 milyon kilovatsaatdan artıq təşkil etmişdir.

Onu da bildirək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin ötən iki ayı ərzində də elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri qənaətbəxş olmuşdur.

Onu da qeyd etmək yerinə düşərdi ki, 2015-ci il ərzində stansiyada elektrik enerjisi istehsalının həcmi 282,2 milyon kilovatsaatdan artıq olmuşdur.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, son üç ay ərzində stansiyada mühərrik-generatorlarda təlimata müvafiq növbəti, istismar həddinə uyğun texniki qulluq işləri həyata keçirilmiş, o cümlədən onların köməkçi avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri aparılmışdır.

Yeri gəlmişkən, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğın təhlükəsizliyi vəziyyətinə baxış keçirilmiş, o cümlədən yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda yanğınsöndürmə su sisteminin boruları və onun armaturları da yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır.

Sonda onu da qeyd edək ki, əməlyyat heyətinin işinə nəzarəti gücləndirmək, onların bilik səviyyəsinin artırmaq məqsədilə bütün növ təlimatlar keçirilmiş, bilik yoxlamaları aparılmış və əks qəza məşqləri keçirilmişdir.

Xatırladaq ki, ümumi gücü  87 MVt olan “Xaçmaz” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.