STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR

Image

Ölkənin enerji təhlükəsizliyi üçün yaradılmış təminatlar əsasında generasiya güclərinin daha da artırılması, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində müstəqilliyimiz dövründə istifadəyə verimiş alternativ enerji mənbələrindən biri də gücü 25 MVt olan “Füzuli Su Elektrik Stansiyası”dır. Bu stansiya pik güclərinin artırılması istiqamətində atılan addımlardan biri olmaqla yanaşı, bu bölgənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit işləməsinin təmin edilməsində rolu böyükdür.  Digər enerji obyektlərində olduğu kimi burada da mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində istehsal prosesinin dayanıqlığını daha da artırır və nəticədə texniki-iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin may ayında 4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.     Həmişə olduğu kimi cari ilin 5 ayında da kollektiv əzmkarlıqla çalışmış, sözügedən dövr ərzində stansiyada 14,9 milyon kilovatsaatdan artıq  elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, ötən ildə olduğu kimi, cari ildə də elektrik enerji istehsalının digər texniki göstəricilərində yüksək nəticələr əldə edilmişdir. Yeri gəlmişkən, stansiya dispetçer qrafikinə uyğun istismar edilir. İstehsal edilən elektrik enerjisi 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə ötürülür.

Onu da qeyd edək ki, burada yay mövsümünə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bununla əlaqədar olaraq stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar aradan qaldırılır.

Xatırladaq ki, “Füzuli SES” regionların inkişafı proqramı çərçivəsində inşa edilmiş yeni hidrogenerasiya  qurğusudur və 2012-ci ilin sonunda istismara verilib. Qurğu üçün Baş Mil kanalı üzərində 40 min ton tutumu olan su anbarı yaradılıb. Anbara toplanan su dörd hidroturbin vasitəsilə generatora ötürülür. Hər bir hidroturbin avtomatlaşdırılmış qapılarla açılıb-bağlanır. Stansiyanın işləməsi üçün nəzərdə tutulan su müəyyən həcmdən artıq olduqda digər xətt vasitəsilə Baş Mil kanalına yönəldirilir.