YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

“Tovuz Elektrik Şəbəkəsi”ndə əsaslı və cari təmir işləri vüsət alıb. “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən EŞ-in balans mənsubiyyətinə aid olan bütün yarımstansiyalarda, EVX-lərdə və müxtəlif avadanlıqlarda tərtib olunmuş qrafik əsasında yenidənqurma, əsaslı və cari təmir işləri aybaay yerinə yetirilib.

Qeyd edək ki, EŞ-in kollektivi qarşıdan gələn payız-qış mövsümünə hazırlaşmaq üçün ilin münasib və əlverişli isti aylarından maksimum faydalanmağa çalışırlar.

Mənbə onu da bildirdi ki, bu ilin əvvəlindən, daha doğrusu cari ilin 5 ayı ərzində müəssisənin xidməti ərazisində ümumilikdə 53,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak olunmuşdur. Ötən ilin müvafiq dövründə isə həmin bu göstərici 49,9  mil­yon kilovatsaata yaxın idi. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 milyon kilovatsaata yaxın artaraq 25,3 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 6,3 faiz artmışdır. Yeri gəlmişkən, cari ilin may ayında müəssisə üzrə 12,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 milyon kilovatsaat çoxdur.  O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 354 min kilovatsaata yaxın artaraq 4 milyon kilovatsaatdan artıq olmuşdur. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədəd mütləq 2 faizə yaxın artmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, istehlakçıların sayğac-uçot komplektinə baxış keçirilən zaman aşkar edilən qayda pozuntularına görə,  cari ilin may ayında 15-ə yaxın  istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 31 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin 5 ayı ərzində isə burada 165-ə yaxın qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 1 milyon 71,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 64.3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 60 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Sonda onu da qeyd edək ki, digər müəsissələr olduğu kimi, “Tovuz” elektrik şəbəkəsinin  əməkdaşları da həmişə olduğu kimi, bundan sonra da  istehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcəklər.