“ZƏRDAB EŞ”: AVADANLIQLAR NÖVBƏTİ MÖVSÜMƏ HAZIRDIR
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ölkə ərazisində fəaliyyət göstərən enerji təsərrüfatlarında yenidənqurma və ənənəvi təmir-bərpa işləri yerinə yetirilir. O cümlədən, “Zərdab Elektrik Şəbəkəsi”nin (EŞ) də xidməti ərazisində mövsümə hazırlıq məqsədilə bir sıra yenidənqurma və təmir işləri yerinə yetirilib. O cümlədən, cari ilin son üç ayı ərzində 6-10/0,4 kV-lik transformator məntəqələrində (TM) və komplekt transformator məntəqələrində (KTM) xeyli sayda transformator təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.
Qeyd edək ki, 10, 6 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində də yenidənqurma, əsaslı və cari təmir işləri aparılmış, istismara yararsız naqillər yeniləri ilə əvəz edilmişdir.
“İtkilərin azaldılması da qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müntəzəm olaraq müvafiq tədbirlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin may ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 12 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 45,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 5 ayı ərzində isə burada 45 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 305,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 18,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, cari ilin may ayında müəssisənin xidmət ərazisində ümumilikdə 4,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 515 min kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 min kilovatsaatdan çox artaraq 1,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 7 faizə yaxın çoxdur. Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin 5 ayı ərzində isə burada ümumilikdə 21,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 14 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 588 min kilovatsaat artaraq 9,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 7 faizə yaxın olmuşdur.
Qurumdan verilən məlumata istinadən, yerinə yetirilən və hazırda davam etdirilən təmir-bərpa işləri sözügedən EŞ-in enerji təhlükəsizliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcəkdir.