YENİDƏNQURMA İŞLƏRİ DAVAM EDİR
Ölkənin elektrik enerjisi təsərrüfatında həyata keçirilən hazırlıq işləri Xızının elektrik enerjisi ilə təminatında müstəsna rolu olan enerji obyektlərindən də yan keçmədi. Digər enerji müəssisələri kimi, “Xızı Elektrik Şəbəkəsi”nin (EŞ) xidməti ərazisində də əvvəllər olduğu kimi, son aylar ərzində də elektrik enerjisinə olan tələbatın tam və keyfiyyətli şəkildə paylanması, elektrik verilişi xətlərində texnoloji itkilərin azaldılması istiqamətində müəssisənin balans mənsubiyyətindəki transformator məntəqələri (TM) və elektrik verilişi xətlərində mühüm tədbirlər icra edilməkdədir.
Ümumiyyətlə, cari ildə, o cümlədən son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan EVX-lərdə və TM-lərdə nəzərdə tutulmuş təmir işləri təmir qrafikinə uyğun başa çatdırılmışdır.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də sözügedən dövrdə müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən transformatorlar təmir edilərək təkrar şəbəkəyə qaşulmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, şəbəkə üzrə yanğından mühafizə tədbirləri də daim diqqət mərkəzindədir. Hazırki hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM-lərin ərazisi quru otlardan təmizlənmiş və digər qabaqlayıcı tədbirlər görülür.
“Növbəti mövsümə hazırlığın uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar”, – deyən mənbə elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən də məlumat verdi.
Mənbəyə istinadən qeyd edək ki, cari ilin 5 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 130-dan artıq istehlakçının sayğaç uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 141,1 min kilovatsaata yaxın
itirilmiş elektrik enerjisinin 68.5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 78 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, cari ilin may ayında isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 5 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 15,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin bir min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin may ayında müəssisənin xidməti ərazisində 7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 72 min kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 3 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 517 min kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 4 min kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 5 faizə yaxın olmuşdur.
Onu da qeyd edək ki, cari ilin 5 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 1,9 milyon kilovatsaatdan çox azalaraq 33,4 milyon kilovatsaatdan artıq olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 236 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 2 faizdən artıq olmuşdur.