“ASTARA ES”: TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR

Image

Respublika enerji sisteminin bütün sahələrində olduğu kimi, ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş “Astara” elektrik stansiyasında (ES) da aqreqatlara növbəti, istismar həddinə uyğun texniki xidmətlər qrafikə uyğun və vaxtında göstərilmişdir. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə müvafiq fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  qışın sınaqlarından üzüağ çıxan kollektiv cari ilin may ayında 15,3 milyon kilovatsaata taxın elektrik enerjisi istehsal etmişlər. Qeyd edək ki, müəssisə cari ilin 5 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq Cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynamışdır. Belə ki, sözügedən dövr ərzində burada 98,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək göstəricilər əldə edilmişdir.

Mənbə onu da bildirdi ki, son üç ay ərzində növbəti istismar həddinə uyğun olaraq aqreqatlarda müvafiq texniki qulluq işləri yerinə yetirilmiş və bir neçəsində isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda yaz-yay daşqın sularından mühafizə məqsədilə stansiya ərazisində müvafiq tədbirlər həyata keçirilmişdir. Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində stansiya kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər.

Sonda onu da qeyd edək ki, burada yay mövsümünə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bununla əlaqədar olaraq ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Yeni alınmış köpük generatoru istifadəyə hazır vəziyyətə gətirilmişdir. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır.

Xatırladaq ki, Dövlət Proqramına uyğun olaraq bölgənin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə istismara verilmiş “Astara” elektrik stansiyası 10 aqreqatdan ibarət olub, ümumi gücü  87 MVt təşkil edir.