“FÜZULİ EŞ”: YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİR
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər Regional Elektrik Şəbəkələrində (REŞ) olduğu kimi, “Mingəçevir” REŞ-ində idarəetmə strukturuna daxil olan EŞ-lərdə də istehlakçıları daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə geniş həcmli yenidənqurma, eyni zamanda əsaslı və cari təmir işləri həyata keçirilmişdir. O cümlədən, cari ilin son üç ayı ərzində “Füzuli” elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində yeni EVX çəkilmiş, müəyyən hissəsi dəyişdirilmiş, dayaqlar yenisi ilə əvəzlənmiş, travers quraşdırılmış və EVX-də isə əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Eyni zamanda sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrində də (TM) müxtəlif təyinatlı təmir işləri görülmüşdür.
Mənbədən onu da bildirdilər ki, yenidənqurma və təmir işləri qrafikə uyğun davam etdirilir. Görülmuş və görüləcək işlər şəbəkənin dayanıqlığının daha da möhkəmləndirilməsi ilə yanaşı, digər iqtisadi göstəricilərin, o cümlədən elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Belə ki, burada cari ilin may ayında keçirilmiş reydlər zamanı 28 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 114,5 min kilovatsaat itirilmiş elektrik enerjisinin 6,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı, ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 5 ayı ərzində isə müəssisə üzrə 190-dan artıq qayda pozuntusu aşkar edilərək 616,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 37 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hecabat dövründə həmin bu məbləğlə yanaşı, ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin may ayında müəssisə üzrə 16 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlak ilə müqayisədə 1,9 milyon kilovatsaata yaxın çoxdur. Cari ilin 5 ayı ərzində isə burada ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 milyon kilovatsaata yaxın artaraq 104,7 milyon kilovatsaatdan artıq olmuşdur. Ötən ilin müvafiq dövrünə nisbətən ümumi ödəniş mütləq 8 faizə yaxın artıb.
Sonda qeyd edək ki, dayanıqlığın müntəzəm olaraq təmin edilməsi məqsədilə ənənəvi təmir-bərpa işləri davam etdirilir.