ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR

Image

Ağcabədi rayonun elektrik enerji təchizatı 70-ə yaxın 10 kV-lik elektrik verilişi xətləri (EVX), 1800-dən çox transformator və komplekt transformator məntəqələri (TM və KTM) vasitəsilə həyata keçirilir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Ağcabədi Elektrik Şəbəkəsi”nin kollektivi istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə həyata keçirdikləri yenidənqurma və təmir-tikinti işlərini cari ilin son üç ayında da uğurla həyata keçirmişdir.

Onu da qeyd edək ki, hazırda payız-qış mövsümünə hazırlıq çərçivəsində həm yarımstansiyalarda, həm transformator və komplekt transformator məntəqələrində, həm də xətlərdə cari və əsaslı təmir işləri davam etdirilir.

“İtkilərin azaldılması da qarşıda duran ən mühüm vəzifələrdən biridir. Müntəzəm olaraq bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, sözügedən müəssisənin də xidməti ərazisində keçirilən reydlər zamanı elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılar vaxtında aşkar edilir və onlara qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Müəssisə üzrə cari ilin may ayında ümumilikdə 24,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 773 min kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 2,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 183 min kilovatsaat azalmışdır. Yeri gəlmişkən, cari ilin 5 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 milyon kilovatsaatdan çox artaraq 123 milyon kilovatsaatdan artıq olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 18,3 milyon kilovatsaata yaxın təşkil etmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,2 milyon kilovatsaata yaxın artmışdır.

Mövcud iqlim şəraiti ilə bağlı  yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmiş,  ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.

Sonda onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.