DAYANIQLILIQ DAHA DA MÖHKƏMLƏNDİRİLİR
Enerjisistemdə dayanıqlığın yüksəldilməsi, enerji təchizatının daha da təkmilləşdirilməsi istiqamətində məqsədyönlü addımlar atılır. Bu baxımdan, Yevlax rayonunda da mühüm işlər görülür. Rayon ərazisində elektrik verilişi xətləri, transformator məntəqələri inventarlaşdırılıb, abonentlərin uçotu dəqiqləşdirilib, yarımstansiyalar, transformatorlar kodlaşdırılıb. Aparılan islahatlar nəticəsində şəbəkə üzrə istehlak olunmuş enerjinin dəyərinin ödənişində ciddi irəliləyiş əldə edilib.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin may ayında müəssisənin xidmət ərazisində ümumilikdə 10,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 126 min kilovatsaat azdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 139 min kilovatsaatdan çox artaraq 3,6 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 7 faizə yaxın çoxdur.
Cari ilin 5 ayı ərzində isə burada ümumilikdə 58,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə, ötən ilin müvafiq dövrü iləmüqayisədə istehlak 2,8 milyon kilovatsaata, ödəniş isə mütləq 5 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyon kilovatsaata yaxın artaraq 21,2 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 11 faizə yaxın olmuşdur.
Mənbədən daxil olan digər bir məlumata görə, cari ilin son üç ayı ərzində də şəbəkənin balans mənsubiyyətinə aid olan EVX-lərdə və transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri aparılmış və dayanıqlılıq daha da möhkəmləndirilmişdir. Həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsinə, eyni zamanda kommersiya itkilərinin qarşısının alınmasında da mühüm rol oynayır.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, debitor borcu olan istehlakçılara müvafiq qaydada xəbərdarlıq edilərək qanunvericiliyə uyğun tədbirlər görülür.