QRAFİK ÜZRƏ NƏZƏRDƏ TUTULAN İŞLƏR BAŞA ÇATIB
Dövlət müstəqilliyinin bərpasından sonra iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində yenidən qurularaq istismara verilmiş elektrik stansiyalarından biri də Bakı İstilik Elektrik Mərkəzidir. Avadanlıqların istismarı və işlərin mövcud normativ tələblər əsasında aparılması stansiyanın dayanıqlığını daha da artırır. Bu da öz növbəsində texniki iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin may ayında 57,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Cari ilin 5 ayı ərzində isə bu rəqəm 271 milyon kilovatsaata yaxın təşkil etmişdir.
Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin son üç ayı ərzində pik boylerdə, qaz-turbin qurğularının avadanlıqlarında, mazut təsərrüfatının su, buxar və yanğın xətlərində, kompressor təsərrüfatında, dəniz suyu xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı 110 kV-lik yarımstansiyanın da ərazisində müxtəlif təyinatlı təmir işləri aparılmış və transformator təftiş edilmişdir. Eyni zamanda elektrik mühərriklərində və digər köməkçi avadanlıqlarda da müvafiq tədbirlər görülmüşdür. Aparılan işlərin siyahısı ümumilikdə kifayət qədər zəngindir.
Mənbəyə istinadən onu da qeyd edək ki, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avadanlıqlar yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və daimi nəzarətdə saxlanılır. Eyni zamanda təzyiqi düşmüş yanğın öd söndürənlər yenisi ilə əvəzlənmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri keçirilir.
Xatırladaq ki, “Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.