TƏDBİRLƏR PLANA UYĞUN YERİNƏ YETİRİLİR
Digər müəssisələr kimi “Gəncə Regional Elektrik Şəbəkəsi”nin tərkibindəki elektrik şəbəkələrində də təmir kampaniyasının qızğın çağıdır. Sərt qışın sınağından uğurla çıxan təmirçilər elektrik avadanlıqlarının dayanıqlığı üçün zəruri olan tədbirləri həyata keçirir, transformator məntəqələrində, yarımstansiyalarda və elektrik verilişi xətlərində yenidənqurma, cari və əsaslı təmir işlərini tərtib edilmiş tədbirlər planına uyğun yerinə yetirirlər.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Gəncə Elektrik Şəbəkəsi”ndə havanın istiləşməsi ilə əlaqədar EVX-lərdə, transformator məntəqələrində, eləcə də yarımstansiyaların ərazilərində son vaxtlar xeyli işlər görülüb. Yeni tikililərin SİP kabeli, dayaq və sayğaclarla təminatı yaxşılaşdırılıb.
Mənbəyə istinadən qeyd edək ki, həyata keçirilmiş və qarşıda duran təmir kampaniyası aylarında sözügedən müəssisə, istehlakçılara daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi verilməsini təmin etmək üçün zəruri addımlar atacaq. Bu isə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənilməsində mühüm amildir.
Mənbəyə istinadən qeyd edək ki, müəssisə üzrə cari ilin may ayında ümumilikdə 96,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 542 min kilovatsaat çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq bir faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 10,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 421 min kilovatsaat artmış, ödənişdə mütləq artım 4 faizdən çox olmuşdur.
Yeri gəlmişkən, cari ilin 5 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyon kilovatsaata yaxın artaraq 494,9 milyon kilovatsaatdan çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 65,2 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 5,4 milyon kilobatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 8 faizdən çox olmuşdur.
Sonda onu da qeyd edək ki, tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq şəbəkədən yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.