TƏDBİRLƏR ARDICILLIQLA İCRA OLUNUR
Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi “Göyçay EŞ”də də istismar səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Gələcəkdə də istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi və texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan tədbirlər ardıcıllıqla icra olunur. “Həmişə olduğu kimi, cari ilin son üç ayında da müəssisəmizin xidməti ərazilərində yenidənqurma və təmir-bərpa işləri vaxtlı-vaxtında həyata keçirilir”, - deyən “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsinin məsul işçisinin Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə verdiyi məlumata görə, həyata keçirilən təmir işləlrini nəzərə alaraq demək olar ki, rayonun enerji təminatında fövqəladə vəziyyətləri istisna etməklə heç bir problem yaranmayacaq.
“Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 16 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 89 min kilovatsaat itirilmiş elektrik enerjisinin 5,3 min manat istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı, ötən aylardan aktlara görə yaranmiş debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, burada cari ilin 4 ayı ərzində keçirilmiş reydlər zamanı 60 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 232,3 min kilovatsaat itirilmiş elektrik enerjisinin 13,9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, qayda pozuntuları ən çox məişət abonenti (əhali) istehlakçı qrupundadır və sayğacdan kənar xətt vasitəsilə enerjidən istifadə halı üstünlük təşkil edir.
“Görülən zəruri tədbirlər istismar səviyyəsini yüksəldib, istehlakçıların elektrik enerjisi ilə təminatında müsbət dəyişikliklər yaradıb. Hazırki texniki göstəricilər bunu deməyə imkan verir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin aprel ayında müəssisə üzrə 7,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 367 min kilovatsaat çoxdur. Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə ödəniş mütləq 4 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəticilər müvafiq olaraq 4,5 milyon kilovatsaata və 314 min kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 5 faizə yaxın olmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisə üzrə cari ilin ötən 4 ayı ərzində isə ümuni istehlak edilmiş elektrik enerjisinin miqdarı 30,9 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 1,6 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 6 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali qrupunda istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyon kilovatsaatdan çox artaraq 19,7 milyon kilovatsaata, ödənişdə mütləq artım isə 6 faizə yaxın olmuşdur.