TƏSİRLİ TƏDBİRLƏR GÖRÜLÜR
Hazırda əsas diqqət, növbəti mövsümə hazırlıqla əlaqədar tədbirlər planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə yönəldilib. Əsas məqsəd, hər il olduğu kimi, bu il də istehlakçıları keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Hazırda Ağsu elektrik təsərrüfatında mühüm yenidənqurma və təmir-bərpa işləri davam etdirilir. Elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin olunması məqsədilə yarımstansiyalarda, EVX-lərdə və transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyata keçirilir. Eyni zamanda elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin aprel ayında “Ağsu Elektrik Şəbəkəsi”nin (EŞ) xidməti ərazisində keçirilmiş reydlər zamanı 12 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 47,4 min kilovatsaat itirilmiş elektrik enerjisinin 2,8 min manat istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 93 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qeyd edək ki, cari ilin 4 ayı ərzində isə müəssisə üzrə 46 qayda pozuntusu faktı aşkar edilərək 127,6 min kilovatsaat itirilmiş elektrik enerjisinin 7,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı, ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin son üç ayında burada istehlakçıların elektrik enerjisi təminatının keyfiyyətinin və dayanıqlığının daha da yaxşılaşdırılması məqsədilə yenidənqurma, təmir-tikinti işləri həyata keçirilmişdir. Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir. Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. TM-lərin ərazisi quru otlardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmiş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Mənbədən daxil olan digər bir məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin aprel ayında 3,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, onun da 1,9 milyon kilovatsaata yaxını daimi əhali istehlakçılar qrupuna aiddir. Nəticədə 2013-cü ilin eyni dövrü ilə müqayisədə ümümi istehlak 190 min kilovatsaatdan çox artmış, daimi əhali istehlakçılar qrupunda isə istehlak 42 min kilovatsaatdan çox azalmışdır. Eyni zamanda ümumi ödəniş ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 6 faizə yaxın, daimi əhali istehlakçılar qrupunda isə mütləq bir faizdən çox artmışdır. Sonda onu da qeyd edək ki, cari ilin 4 ayı ərzində isə müəssisənin xidməti ərazisində ümumilikdə 14,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 862 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 10 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçılar qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 181 min kilovatsaat artaraq 8,5 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 6 faizə yaxındır.