TƏMİR-BƏRPA İŞLƏRİ QRAFİKƏ UYĞUN APARILIR

Image

Energetiklər, hava şəraitindən asılı olmayaraq təmir-bərpa və yenidənqurma işlərini qrafik üzrə yerinə yetirirlər. “Gəncə Regional Elektrik Şəbəkəsi”ndə də qarşıya qoyulmuş vəzifələr ardıcıllıqla icra edilir.

Sözügedən müəssisədən, “Azərenerji” ASC-nin Mətbuat xidmətinə şəbəkənin istismar səviyyəsinin yüksəldilməsi, enerji verilişi sahəsində dayanıqlığın təmin olunması barədə məlumat verən REŞ-in məsul işçisinin sözlərinə görə, cari ilin son üç ayı ərzində 35, 110, 330 və 500 kV-lik hava elektrik verilişi xətlərində zəruri tədbirlər həyata keçirilib.

Qeyd edək ki, elektrik avadanlıqlarının istismarı və təmiri sahəsində də işlər qaydasındadır. Sözügedən dövrdə 35 kV-lik “Yeni Qırlı” yarımstansiyasında eyni gərginlikli sin sistemində boşaldıcılar quraşdırılmış, “Mülkülü” yarımstansiyasında isə 1 saylı 4 MVA-lıq transformatorun boşaldıcıları dəyişdirilmişdir. Eyni zamanda 35 kV-lik “Füzuli” yarımstansiyasında isə 2,5 MVA-lıq transformator dəyişdirilmişdir. Bütün bunlarla yanaşı sözügedən dövrdə 35 kV-lik “Alabaşlı-dartıcı” və “Şəmkir-2” yarımstansiyalarında da yenidənqurma və müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən hava xətlərinin yağ açarları vakuum açarlarla əvəz edilmişdir.

Mənbə onu da bildirdi ki, təmirçilər bu işlərlə kifayətlənməyiblər. Belə ki, sözügedən dövrdə 110 kV-lik “Zəyəm” yarımstansiyasında 1 saylı 25 MVA-lıq transformatora 40 kVA-lıq, “Nasos-1 Pillə” yarımstansiyasında 2 sayli 40 MVA transformatora isə 25 kVA-lıq xüsusi sərfiyyat transformatorları quraşdırılmışdır.

Onu da qeyd edək ki, bu işlər müxtəlif yarımstansiyalarda da davam etdirilib. 110 kV-lik  “İstilik Kombinatı”, “Poylu”, “Maşınqayırma” və digər bir neçə yarımstansiyada da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Bununla yanaşı, şin ayırıcısı, şin körpüsü, vakuum açarı, boşaldıcı da quraşdırılaraq yarımstansiyaların fəaliy­yəti daha da yaxşılaşdırılmışdır.

Yeri gəlmişkən, sözügedən dövrdə 330 kV-lik “Ağstafa” yarımstansiyasında hər birinin gücü 125 MVA olan 1 və 2 saylı avtotransformatorların xətt ayrıcıları, ikinci şin sisteminin gərginlik transformatorunun şin ayrıcıcı yenisi ilə əvəz edilmiş və daha 15-ə yaxın ayrıcının quraşdırılması planlaşdırılmışdır. Eyni zamanda 10 kV-lik “Elektrostansiya” hava xəttinin yağ açarı vauum açarla əvəz edilmişdir.

Qarşıdakı görüləcək işlərdən məlumat verən mənbə onu da bildirdi ki, 110 kV-lik “Tovuz”, “Zəyəm” və “Gəncə-2” yarımstansiyalarında ayrıcıların eleqaz açarla əvəzlənməsi işləri nəzərdə tutulub.

Sonda onu da qeyd edək ki, hazırki hava şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yarımstansiyaların ərazisi quru otlardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarlarla əvəz edilmişdir. Hava xətlərinin trassası yaşıl kütlədən təmizlənmişdir.