“OĞUZ”DA YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ APARILIB
Respublikanın enerji təsərrüfatında həyata keçirilən yenidənqurma işləri “Qəbələ” regional elektrik şəbəkəsindən (REŞ) də yan keçmədi.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə verilən məlumata görə, keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması və texniki itkilərin aşağı salınması məqsədilə “Qəbələ REŞ”in balans mənsubiyyətinə daxil olan “Oğuz” EŞ-də də bir sıra yenidənqurma və təmir işləri aparılıb. Mənbədən bildirildiyinə görə, son üç ay ərzində aparılan yenidənqurma və təmir-bərpa işləri nəticəsində elektrik verilişi xətləri daha da dayanıqlı iş rejiminə gətirilərək istifadəyə verilmişdir. Müvafiq işlər transformator məntəqələri üzrə də aparılıb. Hazırda elektrik şəbəkəsi normal iş qrafikində fəaliyyət göstərir.
Sozügedən EŞ-dən əldə edilən məlumata görə, cari ilin 4 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 8 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilərək 61,5 min kilovatsaat itirilmiş elektrik enerjisinin 3,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 73 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da bildirdi ki, cari ilin ötən 4 ayı ərzində müəssisənin xidməti ərazisində 21,4 milyon kilovatsaatdan artıq, o cümlədən daimi əhali qrupu tərəfindən isə 4,5 milyon kilovatsaatdan çox elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 1,4 milyon kilovatsaata yaxın azalmışdır. O cümlədən, daimi əhali qrupu üzrə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 622 min kilovatsaatdan cox, ödəniş isə mütləq 9 faizə yaxın artmışdır.
Onu da qeyd edək ki, cari ilin aprel ayında müəssisə üzrə 5,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 448 min kilovatsaata yaxın azdır. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 22 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 197 min kilovatsaatdan çox artaraq 1,1 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 7 faizdən çox olmuşdur.
Sonda onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, hazırki iqlim şəraitini nəzərə alaraq və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.