TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR
Baharın gəlişi ölkə energetiklərinin işgüzar əhval-ruhiyyəsini daha da yüksəltmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olan, respublikada istehsal edilən elektrik enerjisinin 40 faizə yaxın hissəsini istehsal edən, Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası sayılan “Azərbaycan İstilik Elektrik Stansiyası” ötən ili uğurla yekunlaşdırdığı kimi, cari ilin iki ayını da diqqətəlayiq texniki-iqtisadi göstəricilərlə başa çatdırmışdır.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Azərbaycan İstilik Elektrik Stansiyası”nda cari ilin fevral ayında 490,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Həmişə olduğu kimi cari ildə də əzmkarlıqla çalışan kollektiv 2016-cı ilin ötən 2 ayı ərzində stansiyada 1 milyard 95 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsalına nail olmuşlar.
Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Mənbədən onu da bildirdilər ki, respublika enerji sisteminin bütün sahələrində olduğu kimi, “Azərbaycan” İES-in də normal fəaliyyətini davam etdirməsi üçün tərtib edilmiş təmir qrafikinə uyğun olaraq, son üç ay ərzində stansiyanın avadanlıqlarında təmir- tikinti işləri davam etdirilmişdir. Bundan əlavə yanacaq enerji balansına görə mazut yanacağından istifadə ilə əlaqədar olaraq qazan qurğularının köməkçi avadanlıqlarının təmizliyinə qoyulan əlavə tələblərdə müəyyən çətinliklər yaransa da işçi heyəti tərəfindən onlar uğurla həll edilir.
Cari ildə nəzərdə tutulmuş təmir-bərpa işləri barədə məlumat verən mənbə onu da qeyd etdi ki, ötən ilin noyabr ayında baş vermiş zəlzələ zamanı stansiyanın işçi binasına ciddi ziyan dəymişdir. Hazırda zəlzələ nəticəsində dörd enerji blokunun ərazisində çatlamış panellər dəyişdirilmiş və bərpa olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Sonda onu da qeyd edək ki, burada da yanğına qarşı təhlükəsizlik tədbirləri daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır. Eyni zamanda yanğına qarşı əks-qəza məşqləri keçirilir.
Xatırladaq ki, 2015-ci ildə stansiyada 7 milyard 402,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunmuşdur.