“BİLƏSUVAR EŞ”: QAYDA POZUNTULARININ QARŞISI ALINIR
İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin yüksək həddə çatdırılması qarşımızda duran ən mühüm vəzifədir. Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də tədbirlər mütəmadi olaraq davam etdirilir. Bu məqsədlədə digər energetika müəssisələrində olduğu kimi, “Biləsuvar Elektrik Şəbəkəsi”nin də (EŞ) balans mənsubiyyətinə aid olan EVX-lərdə və TM-lərdə müxtəlif təyinatlı təmir işləri aparılır.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində sözügedən müəssisənin xidməti ərazidəki 10 və 0,4 kV-lik xətlərin müəyyən hissəsi təmir edilmişdir. Eyni zamanda sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmidir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 36 istehlakçının “Elektrik Enerjisindən İstifadə Qaydaları”nı pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 94,3 min kilovatsaat itirilmiş elektrik enerjisinin 5,7 min manat istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğlə yanaşı ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi hesabat ayında təmin edilmişdir. Onu da qeyd edək ki, cari ilin 4 ayı ərzində isə 120-yə yaxın qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş, 283,4 min kilovatsaat itirilmiş elektrik enerjisinin 17 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən əldə etdiyimiz digər məlumata istinadən qeyd edək ki, qayda pozuntularından elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu abonent (qeyri əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Mənbə, istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək onu da qeyd etdi ki, cari ilin 4 ayı ərzində müəssisə üzrə ümumi istehlak 32 milyon kilovatsaatdan artıq, o cümlədən aprel ayında isə 10 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə cari ilin 4 ayı ərzində istehlak 2,7 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 26 faizə yaxın olmuşdur. O cümlədən, aprel ayında isə istehlak 169 min kilovatsaatdan çox azalmış, ödəniş isə mütləq 6 faizdən çox artmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ilin 4 ayında daimi əhali istehlakçıları üzrə 16,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmidir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 615 min kilovatsaat çoxdur. Ödəniş isə mütləq 9 faizə yaxın artmışdır. O cümlədən, aprel ayında isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 145 min kilovatsaat artaraq 3,3 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 10 faizə yaxın olmuşdur.
Sonda onu da qeyd edək ki, enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilir.