QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLÜR

Image

Bütün enerji müəssisələri xidməti ərazilərində istismar səviyyəsinin yüksəldilməsi, eyni zamanda növbəti mövsümə hazırlıq məqsədilə yenidənqurma işləri və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirirlər. “Azərenerji” ASC-nin iri regional elektrik şəbəkəsi müəssisələrindən biri sayılan “Mingəçevir REŞ”-də də istehlakçıları daha da dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə şəbəkənin əməkdaşları elektrik verilişi xətlərinin (EVX), transformator məntəqlərinin (TM) və yarımstansiyaların təmirini və bərpası davam etdirilmişdir. Havaların təmirçilər üçün münasib keçməsi elektrik şəbəkələrində  işlərin həcmini artırmağa imkan yaradıb.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, təmir kampaniyası başlayan dövrdən “Tərtər Elektrik Şəbə­kəsi”nin 110/35/6 kV-lik “Tərtər” yarımstansiyasında, 35/10/6 kV-lik «Dəmirlər», «Sarıcalı», «İsma­yıl­bəyli» yarımstansiyalarında yağ açarları cari təmir edilib.     62 ədəd 10-6/0,4 kV-lik transformator məntəqəsinin cari və əsaslı təmir işləri görülüb. 10 kV-lik hava xəttində 6 ədəd, 0,4 kV-lik hava xəttində isə 12 ədəd dayaq yenisi ilə əvəz olunub.

Bunlarla yanaşı, şəbəkənin istismar sahəsində olan 5,7 km 10 kV-lik və 6,9 km 0,4 kV-lik EVX-lərdə əsaslı və cari təmir işləri aparılıb. Bu müddətdə 280-dən artıq sayğac quraşdırılıb və ya dəyişdirilib.

Sonda qeyd edək ki, həyata keçirilmiş bütün bu tədbirlər  istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə, texnoloji itkilərin müəyyən edilmiş həddə saxlanılmasına, ifrat yüklənmələrin qarşısının alınmasına xidmət edir.