YÜKSƏK KEYFİYYƏT UĞRUNDA
“Lənkəran Elektrik Şəbəkəsi”nin balans mənsubiyyətinə aid olan enerji təsərrüfatının fəaliyyətini sağlamlaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə daha da dayanıqlı təchizatını təmin etmək məqsədi ilə mühüm işlər həyata keçirilir.
Bu barədə Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə bildirilmiş və qeyd olunmuşdur ki, son vaxtlar rayonun elektroenergetika təsərrüfatında xeyli iş görülüb, nəticədə enerji təchizatının səviyyəsi daha da yüksəlib. Hazırda Lənkəran rayonu sutka ərzində daha da keyfiyyətli elektrik enerjisi ilə təmin edilir. Bütün bunlar elektrik təsərrüfatında həyata keçirilən tədbirlərlə əlaqədardır.
Xatırladaq ki, bu baxımdan “Astara Elektrik Stansiyası”nın da mühüm rolu var. Stansiyanın istimara verilməsi ilə bölgədə enerji qıtlığana birdəfəlik son qoyulmuşdur. Qeyd edək ki, hazırda istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər davam etdirilir. Bütün yarımstansiyaların əraziləri quru otlardan, xətlərin trassası isə yaşıl kütlədən təmizlənib. Həmçinin, ilkin yanğınsöndürmə vasitələrinə baxışlar keçirilib, inventarların saxlanma qaydaları yoxlanılıb. Yeri gəlmişkən, şəbəkədə işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar.
“Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və hazırda da davam etdirilir”, - deyən mənbə onu da bildirdi ki, burada cari ilin ötən 4 ayı ərzində keçirilmiş reydlər zamanı 180-ə yaxın qayda pozuntusu faktı aşkar edilərək 872,2 min kilovatsaat itirilmiş elektrik enerjisinin 52,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 83 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, cari ilin aprel ayında keçirilmiş reydlər zamanı 58 qayda pozuntusu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 367,7 min kilovatsaat itirilmiş elektrik enerjisinin 22,1 min manat istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 50 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qayda pozuntularının təsnifatına və istehlakçı qrupun gəldikdə isə, elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Məlumatda o da bildirilir ki, müəssisə üzrə cari ilin aprel ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 957 min kilovatsaata yaxın artaraq 11,9 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 18 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 7,2 mln. kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 13 min kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 6 faiz artmışdır. Onu da qeyd edək ki, cari ilin ötən 4 ayı ərzində isə müəssisə üzrə ümumilikdə 52,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 3,4 min kilovatsaata yaxın, ödəniş isə mütləq 8 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 34,2 milyon kilovatsaata yaxın və 973 min kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 5 faizdən çox artmışdır.